Azərbaycan ilə Çin arasında hüquqi əlaqələr yüksək səviyyədədir
İyunun 30-da “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi, Çin Xalq Respublikası Prokurorluğunun idarə rəisi Ye Fenq ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, IAACA-nın vitse-prezidenti Fikrət Məmmədov da iştirak etmişdir.
Ye Fenqin ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin inkişafındakı rolundan danışan baş prokuror Zakir Qaralov onun IAACA-nın baş katibi kimi rüşvətxorluğa qarşı dünya miqyasında mübarizəyə böyük töhfələr verdiyini bildirmişdir.
Azərbaycanın və Çinin hüquq mühafizə orqanları arasındakı əlaqələrin tarixindən danışan Fikrət Məmmədov 1999-cu ildə ölkələrimizin Baş prokurorluqları arasında əməkdaşlıq haqqında protokolun, eyni zamanda, Ədliyyə nazirlikləri və Ali məhkəmələri arasında müvafiq sazişlərin imzalandığını bildirmişdir. Qeyd olunmuşdur ki, son illərdə Azərbaycan ilə Çin arasında hüquqi sahədə əməkdaşlıq xeyli inkişaf etmişdir.
Görüşdə Zakir Qaralov ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Ye Fenqə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Fəxri İşçi” döş nişanını təqdim etmişdir.
Ye Fenqi ölkəmizin böyük dostu adlandıran F.Məmmədov korrupsiyaya qarşı mübarizədə, eləcə də Azərbaycan ilə Çin arasında hüquqi sahədə əlaqələrin inkişafına verdiyi töhfələrə görə ona Ədliyyə Nazirliyinin “Fəxri Fərman”ını təqdim etmişdir.
Azərbaycan ilə Çin arasında hüquqi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Y.Fenq gələcəkdə bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün səylərini artıracağını diqqətə çatdırmışdır.
AzərTac.az