Azay Quliyev Almaniya Bundestaqında bir sıra görüşlər keçirib

Posted by

Azay Quliyev Almaniya Bundestaqında bir sıra görüşlər keçirib

Azay Quliyev Almaniya Bundestaqında bir sıra görüşlər keçirib

Azay Quliyev Almaniya Bundestaqında bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Bundestaqında bir sıra görüşlər keçirib.

 

Şuranın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azay Quliyev Bundestaqın Enerji və iqtisadiyyat, Xarici əlaqələr komitələrinin üzvü Yan Metzlerlə görüşdə ölkəmizin iqtisadi inkişafı, enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şuranın yaranması və fəaliyyəti haqqında məlumat verib.

 

Yan Metzler Bakı ilə qardaşlaşmış Mayns şəhərindən deputat seçildiyini bildirərək Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupuna üzv olmaq üçün müraciət etdiyini bildirib.

 

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı rol haqqında danışan Metzler bu günlərdə Aİ-nın enerji məsələləri üzrə komissarı Günter Ottingerlə bu mövzuda fikir mübadiləsi apardığının deyib.

 

Millət vəkili Azay Quliyev Bundestaqın Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı fraksiyasının üzvü Çarlz Huberlə də görüş keçirib. Çarlz Huber ölkəmizə böyük maraq göstərdiyini və onun inkişafını diqqətlə izlədiyini qeyd edib. Ölkəmizin iqtisadi inkişafı və enerji siyasətini daim izlədiyini bildirən Huber Almaniyanın EON şirkətinin ölkəmizin Şahdəniz layihəsinə qoşulmasından məmnunluğunu bildirib. Huber cari ilin iyun ayının ortalarında NATO PA-nın üzvü kimi ölkəmizə səfər edəcəyini qeyd edib. Almaniyalı millət vəkili Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu mövzusunda Berlində “dəyirmi masa” keçirməyi təklif edib.

 

Azay Quliyev ölkəmizin enerji siyasətinin prioritetləri haqqında məlumat verərək Avropanın enerji təminatında Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıb. Şura sədri Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Almaniyanın əsas partnyoru və Ermənistanla münaqişə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca dostluq qrupunun yaradılmasını təklif edib.

 

Millət vəkili A.Quliyev bu gün həmçinin Bundestaqın Sosial Demokrat fraksiyasının nümayəndəsi, Xarici əlaqələr komitəsinin üzvü, əslən Balkanlardan olan Yosip Yoratoviçlə də görüşüb. Yoratoviç Cənubi Qafqaz kimi etnik müxtəlifliyin və mürəkkəb siyasi vəziyyətin olduğu regionlarda əsas diqqətin xalqların müqəddəratını təyin etmək hüququna deyil, fərdlərin hüquqlarının təminatına yönəldilməsinin vacibliyini bildirib. Yosip Yoratoviç Sosial Demokrat Partiyasına yaxın olan Fridrix Ebert Fondu vasitəsi ilə ölkəmizə dair toplantının keçirilməsi təklif edərək bu istiqamətdə müzakirələrin davam etdirilməsinin faydalı ola biləcəyini qeyd edib.

 

Millət vəkili Azay Quliyev beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq, qondarma referendumlar keçirərək müstəqil dövlətlərin ərazilərinin işğalının qəbuledilməz olduğunu deyib və bu vəziyyətin Azərbaycan üçün tanış olduğunu qeyd edib. A.Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsinin nəticəsini Avropanın bu gün ağır şəkildə ödədiyini bildirib. Şura sədri Qarabağ probleminə Almaniya siyasətində daha artıq diqqət yetirilməsinin vacibliyini vurrğulayaraq bununla bağlı Bundestaqda dinləmələrin keçirilməsi təklifini irəli sürüb. Millət vəkili Dağlıq Qarabağdakı qondarma qurumun separatçılarına qarşı sanksiyaların qəbul olunmasının vacibliyini alman həmkarının diqqətinə çatdırıb.

 

Trend.az