Elmira Süleymanova miqrantların hüquqlarının qorunması ilə bağlı BMqT-yə təkliflər verib
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) eksperti xanım İrina Todorovanı qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi BMqT və Aparatın qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilmiş “Azərbaycanda miqrantların hüquqlarını qoruyan effektiv mexanizmlərin yaradılması” layihəsinin ölkəmizdə implementasiyasının qiymətləndirilməsi, habelə miqrantların insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.
Görüşdə, həmçinin miqrantların hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi sahəsində müzakirələr aparılıb.
E.Süleymanova ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və icmalarla birgə şəbəkə şəklində əməkdaşlığın zəruriliyini, miqrantların hüquqlarının müdafiəsinin, onlara yaş və cins baxımından həssas yanaşmanın vacibliyini, geniş maarifləndirmə işi aparılmasını, müvafiq hüquqi nəşrlərin hazırlanmasının zəruriliyini bildirib.
Müvəkkil sığınacaq axtaran miqrantlara hüquqi və psixoloji yardımların göstərilməsinin, miqrantların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılmasının, habelə saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanmasına vətəndaş cəmiyyətinin iştirakı ilə, ictimai dinləmələr şəklində, konkret aspektlər üzrə miqrantları da cəlb etməklə müzakirələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ombudsman miqrantlarla iş aparılarkən dinamikaya diqqət yetirilməsinin zəruriliyini, ölkəmizdə miqrantların sayının və onların axınının tez-tez dəyişdiyini, miqrantların təkcə sayına deyil, həm də gəlmə səbəblərinə diqqət yetirməyin vacibliyini qeyd edib.
Müvəkkil Miqrasiya Məcəlləsinin qəbul olunması ilə bağlı bu istiqamətdə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, miqrantların hüquqları mövzusunda birgə maarifləndirmə seminarlarının keçirilməsini, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial tədbirlər keçirilməsini, pulsuz hüquq məsləhətxanalarının yaradılmasını, miqrantlar üçün Azərbaycan dili kurslarının təşkil edilməsini təklif edib.
İrina Todorova müvəkkilə faydalı fikir mübadiləsinə və tövsiyələrə görə minnətdarlığını bildirib. O, ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləyib, habelə görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını qeyd edib.