Azərbaycanda informasiya texnologiyaları sahəsində yeni standartların tətbiqinə başlanılır

Posted by

Azərbaycanda informasiya texnologiyaları sahəsində yeni standartların tətbiqinə başlanılır

Azərbaycanda informasiya texnologiyaları sahəsində yeni standartların tətbiqinə başlanılır. Standartlar oktyabrın 1-dən etibarən qüvvəyə minir.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” və AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartları təsdiq edilib.
Adıçəkilən standartları Dövlət Komitəsi təsdiq edib. Standartların tətbiq vaxtı 1 oktyabr 2013-cü il tarixindən müəyyən edilib.
Standartlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən işlənilərək Komitəyə təqdim edilib.
AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulur.
Standartda verilənlərin paylanmış emalına, xüsusən də şəbəkə elementləri və komponentlərinə, şəbəkə topologiyasına, şəbəkə arxitekturasına, şəbəkə funksiya və tətbiqi proqramlarına aid anlayışlara tərif verilir.
AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə olan tələblərin təhlilindən başlamış sistemin tətbiqinə qədər onun bütün həyat dövrünün əsas anlayışlarının tərifləri verilir.