Zakir Həsənov Türkiyənin ordu generalları ilə görüşüb
İstanbul şəhərində keçirilən “İDEF – 2015” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir sərgidə nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif təyinatlı məmulatları maraqla izləyib.
Sərginin keçirildiyi günlərdə müdafiə nazirinin Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar və başqaları ilə təkbətək görüşləri olub.
Görüşlərdə ölkələrimiz arasında müdafiə sahəsində mövcud vəziyyət, hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətlərində ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, xüsusilə mayın 12-dən 16-dək Azərbaycanda keçiriləcək Azərbaycan-Türkiyə Quru Qoşunları bölmələrinin növbəti birgə taktiki təliminin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Trend.az