Zakir Həsənov Ruslan Auşevi “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşevi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş yubiley tədbirində iştirak edən qonağı salamlayan müdafiə naziri bildirib ki, müharibə veteranlarının nümunəsi gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsi, Vətənini və xalqını müdafiə etməyə həmişə hazır olması üçün çox vacibdir.
Görüş zamanı döyüş təçrübəsinə malik azərbaycanlı Əfqanıstan veteranlarının Azərbaycanın Silahı Qüvvələrinin yaranmasında və inkişafında xüsusi rolunun olması və onların əksəriyyətinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ müharibəsində döyüşlərdə fədakarcasına iştirak etmələri xatırlanıb.
Komitə sədri R.Auşev veteranların gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik tərbiyəsində və Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunun əvəzolunmaz olduğunu qeyd edib.
Sonda müdafiə naziri ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsində göstərdiyi fəaliyyətlərinə görə Komitə sədri R.Auşevi “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.
Trend.az