YUNESKO-da azərbaycanlı mütəfəkkirə həsr edilmiş beynəlxalq simpozium keçirilib
Parisdə YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib.
Trend-in məlumatına görə, bu barədə komitənin mətbuat xidmətindən bildirilib.
“Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” adlanan simpozium YUNESKO tərəfdən böyük təsəvvüf şeyxi və xəlvətiyyə sufi təriqətinin banisi Seyid Yəhya Əl-Şirvani Əl-Bakuvinin vəfatının 550 illiyi münasibəti ilə 2013-cü ilin “Bakuvi ili” elan edilməsi ilə əlaqədar Dövlət Komitəsi tərəfindən silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarılıb.
Simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr səsləndirilib.
Simpoziumda İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, həmçinin YUNESKO nəzdinə diplomatik nümayəndəliklərin təmsilçiləri, mədəniyət xadimləri iştirak etmişlər.
Simpoziumu giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O bildirmişdir ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. Bu ilin YUNESKO tərəfindən “S.Y.Bakuvi ili” elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsi bunun bariz nümunəsdir. Natiq, həmçinin qeyd etmişdir ki, S.Y.Bakuvi və onu şöhrətləndirdiyi xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs – istər dinlərarası tolerantlığ dünyagörüşünün, istər məzhəblərarası çatışmaların qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə – bu gün də aktuallığını itirməmişdir.
Simpoziumun açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi cənab Nasser Abdulaziz Al-Nasser Seyid Yəhya Bakuviyə həsr edilmiş bu mötəbər simpoziumda məmnuniyyətlə iştirak etdiyini və dəvətə görə təşkilatçılara öz minnətdarlığını bildirdi. O, YUNESKO tərəfindən 2013-cü ilin “Seyid Yəhya Bakuvi ili” kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb və qeyd edib ki, onun irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. O bildirmişdir ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olub.
YUNESKO-nun nümayəndəsi Katerina Stenu simpoziumun açılışında çıxış edərək bildirmişdir ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyil. Azərbaycan xalqı öz tarixi boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilmişdir.
Nüfuzlu alimlərin iştirakı ilə “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və Xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi” adlı panellərdə işinə davam etmiş simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib.