Xorvatiya və Azərbaycan arasında hərbi, hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib
Mayın 7-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, general D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
General D.Lovriçin sonra Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq “Şərəf Kitabı”nı imzalayıb.
Sonra Azərbaycan və Xorvatiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
General-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, səbəbləri, müharibə nəticəsində ərazilərimizin işğal olunması faktını, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.
İki ölkə arasında hərbi, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən Qaraheybət Təlim Mərkəzində mayın 5-dən başlamış Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə keçirilən səhra təlimi də müzakirə edilib.
Görüşdə Xorvatiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Neda Nilişiç də iştirak edib.
Xorvatiya Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi general D.Lovriçin ölkəmizə səfəri davam edir.
Trend.az