Xocavənd rayonundan olan məcburi köçkünlər beynəlxalq təşkilatlara müraciət ünvanlamışlar
Xocavənd rayonundan olan məcburi köçkünlər Ermənistan silahlı qüvvələrinin rayonun Qaradağlı kəndində törətdikləri soyqırımı cinayətinin 22-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlamışlar.
Müraciətdə deyilir: “1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olmuşdur. Azad olunanların 5 nəfəri qadın olmaqla 18 nəfər aldığı sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.
Biz, Dağlıq Qarabağın əzəli sakinləri, regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə – necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistan Respublikasına və Dağlıq Qarabağdakı cinayətkar rejimə göstərilən bütün siyasi, maddi və mənəvi dəstəkləri qətiyyətlə pisləyir, bunun beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd olduğunu bəyan edirik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyini, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğunu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq. ATƏT-in rəhbərliyi ilə faktaraşdırıcı və fakt qiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələrin kağız üzərində qalmasını olduqca yolverilməz hal kimi dəyərləndiririk.
Biz sizdən, humanizm ideyalarının daşıyıcı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, erməni təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.
Biz, Xocavənd rayonundan olan məcburi köçkünlər birmənalı surətdə bəyan edirik ki, nəyin bahasına olursa olsun doğma yurdlarımıza qayıdacağıq. Bu, bizim haqqımızdır və bu haqqı heç kimə və heç nəyə güzəştə getmək fikrimiz yoxdur. Biz sadəcə öz evimizə getmək istəyirik”.
AzərTac.az