Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 16 məcburi köçkün ailəyə yeni mənzillər verilib
Oktyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə yeni mənzillər verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidjmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul edib.
Dövlət başçısının tapşırığına əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Ə. Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını deyib.
Soyqırımı zamanı hər iki valideynini itirmiş və valideyn həsrəti ilə böyümüş gənclərdən Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayıl Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova bu xeyirxahlığa görə minnətdarlıqlarını bildiriblər. Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Komitənin Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.
Apa.az