XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı mətbuat konfransı keçirib

Posted by

Azərbaycan Xarici İşlər Nazirliyində Baş Prokurorluqla birlikdə 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrlə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin Ermənistan və SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilən təxribat olduğunu bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Sumqayıt şəhərində törədilmiş cinayətlər Ermənistanın uzun illər Azərbaycana, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə, ərazi iddiaları, terror və soyqırım siyasətinin tərkib hissəsidir: “Ötən illər ərzində erməni separatçıları öz işğalçılıq siyasətlərinə, Xocalısoyqırımına və Azərbaycan torpaqlarında törətdikləri digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir, öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədilə faktların təhrif olunması, sənədlərin saxtalaşdırılması və digər çirkin üsullara əl atırlar. Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla əlaqədar 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə obyektiv hüquqi qiymət verilməyib, hadisənin əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilərək məsuliyyətə cəlb olunmayıb. Məhz qeyd etdiklərim Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaradıb. Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir ki, həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda erməni vəhşiliklərini özündə əks etdirən, bir neçə dilə tərcümə olunmuş filmlərlə tanış olmaq imkanı əldə edə bilərsiniz”.

Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev qeyd edib ki, 1991-ci ilin avqust ayında Moskvada baş vermiş dövlət çevrilişinə cəhd faktına dair başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupunun üzvləri SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında axtarış apararkən rəflərdəki sənədlərin arasında Ahıska türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər hadisələrlə əlaqədar ayrı-ayrı qovluqlar tapılıb, onlar vərəqlənərkən Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, Qarabağda baş verən hadisələr barədə SSRİ DİN-ə ilk günlərdən məlumatların daxil olduğu müəyyən edilib: “Bu məlumatlar həm Ermənistan və Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, həm də SSRİ DİN-in müvafiq idarələrin məlumatlarından ibarət idi. Bəlli olub ki, baş verən bütün hadisələr barədə SSRİ rəhbərliyinin ilk günlərdən məlumatı olub, lakin məqsədli şəkildə hərəkətsizliyə yol verilib”.

Müəyyən edilib ki, ekstremist ideyaların daşıyıcısı olmuş Bakı şəhər sakini Valeri Markaryan Sumqayıtda avtobusu küçədə dayanmış dinc sakinlərin üstünə sürərək 5 azərbaycanlını qəsdən öldürüb. İstintaqla V. Markaryanın Sumqayıt şəhərində fəaliyyət göstərmiş ekstremist millətçi ermənilərlə əlaqələri müəyyən edilib. O da müəyyənləşdirilib ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş zamanı erməni ailələri onların azərbaycanlı qonşuları və tanışları tərəfindən öz mənzillərində gizlədilməklə basqın, talan və digər zorakılıq təhlükəsindən xilas olublar. Həmin dövrdə Ermənistanın daşnak-kommunist dairələrinin “vəhşi, qaniçən azərbaycanlı” obrazını yaratmağa hesablanmış təbliğat cəhdlərinin əksinə olaraq, Sumqayıt şəhərində məhz ermənilərin zorakılığına məruz qalan ermənilər öz azərbaycanlı qonşuları tərəfindən xilas ediliblər. Bu faktlar cinayət işinin materialları ilə yanaşı, məhkəmələrin, o cümlədən Rusiya məhkəmələrinin xüsusi qərardadlarında əksini tapıb.

Sonda Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun 1988-ci il Sumqayıt hadisələri ilə əlaqədar birgə bəyanatı qəbul edilib.

APA