Vilnüsdə “Keçmiş Sovet İttifaqı ərazilərində “dondurulmuş” münaqişələr: siyasi nəticələri və həlli perspektivləri” adlı beynəlxalq konfrans keçirilib
Aprelin 11-12-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi layihə çərçivəsində Litvanın Demokratik Siyasi İnstitutu tərəfindən “Keçmiş Sovet İttifaqı ərazilərində “dondurulmuş” münaqişələr: siyasi nəticələri və həlli perspektivləri” adlı beynəlxalq konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın ilk dövlət başçısı, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis, Litva Seyminin sədr müavini, keçmiş baş nazir Qedeminas Kirkilas, Vətən Birliyi Partiyasının sədri, Seymin üzvü, keçmiş baş nazir Andrius Kubilius, Ceymstaun Fondunun (ABŞ) Şərqi Avropa məsələləri üzrə siyasi analitiki Vladimir Sokor, Avropa Sabitlik Təşəbbüsü (ESİ) qeyri-hökumət təşkilatının baş analitiki Nigar Göksel, Litva Xarici İşlər Nazirliyinin, Avropa Parlamentinin üzvləri, millət vəkilləri, diplomatik korpus, QHT-lərinin, elmi təsisatlarının nümayəndələri və KİV təmsilçiləri, münaqişələrin həlli üzrə tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.
Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması və torpaqlarının qanunsuz işğalına həsr olunan konfransda çıxış edən Seyminin sədr müavini Qedeminas Kirkilas, Vətən Birliyi Partiyasının sədri, Andrius Kubilius keçmiş SSRİ məkanında dondurulmuş münaqişələrin yaranmasının səbəblərinə dair öz fikirlərini bildiriblər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxışında “dondurulmuş münaqişə” anlayışının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə şamil edilməsinin doğru olmadığını, təmas xəttində hər həftə günahsız insanların həlak olduğunu bildirib. Şura sədri Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı və münaqişənin beynəlxalq hüququn prinsiplərinə əsaslanan həlli variantları ilə əlaqədar təkliflərini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyini səsləndirib.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı K.Maliki-Əliyev və İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının üzvü, İsrail Teleradiosunun siyasi analitiki və şərhçisi Arye Qurtun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Vilnüs Universitetinin Beynəlxalq Münasibətlə və Siyasi Elm İnstitutunun müəllimi, politoloq Vitis Yurkonis və Gürcüstanın Strateji Araşdırmalar İnstitutunun prezidentinin müavini İrakli Porçkidzenin Cənubi Osetiya və Abxaziya münaqişəsi haqqında təqdimatları dinlənmiş və müzakirələr aparılıb.
Konfransın ikinci günü Avropa Sabitlik Təşəbbüsü (ESİ) qeyri-hökumət təşkilatının baş analitiki Nigar Göksel münaqişələrin həllində üçüncü ölkələrin rolu, “Chatham House”un Rusiya və Avrasiya Proqramının rəhbəri James Nixey “dondurulmuş” münaqişə zonalarında Rusiyanın yumşaq gücü, Böyük Britaniyanın “Economist” qəzetinin müxbiri Edvard Lukas “dondurulmuş” münaqişələrdə enerji diplomatiyası, Ceymstaun Fondunun (ABŞ) Şərqi Avropa məsələləri üzrə siyasi analitiki Vladimir Sokor isə “dondurulmuş” münaqişələrin həlli imkanları və perspektivləri mövzusunda çıxışlar ediblər.
Tədbirə yekun vuran Litvanın ilk dövlət başçısı, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis keçmiş Sovet İttifaqı ərazilərində “dondurulmuş” münaqişələrin yaranmasına dair öz fikrini bildirib: “Bir çoxları elə düşünürlər ki, işğal artıq dayanıb, ancaq bu belə deyil, işğal hələ də davam edir”.
Tədbirin sonunda iştirakçılar münaqişələrin həlli yolluna dair öz fikirlərini bildiriblər.
Apa.az