VK sözçüsü: “Səfərinin təxirə salınmasının helikopter insidenti ilə heç bir əlaqəsi yoxdur”
“Venesiya Komissiyası nümayəndələrinin Azərbaycana səfərinin təxirə salınmasının helikopter insidenti ilə heç bir əlaqəsi yoxdur”.
Bunu APA-nın sorğusuna cavab olaraq Venesiya Komissiyasının mətbuat katibi Panos Kakaviatos bildirib.
Bəzi Ermənistan saytları sözügedən səfərin məhz Dağlıq Qarabağdakı təmas xəttində erməni helikopterinin vurulması ilə bağlı təxirə salındığını bildirsə də, VK rəsmisi bu məlumatın düzgün olmadığını qeyd edib: “Səfərin təxirə salınmasının helikopter hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Venesiya Komissiyasının Azərbaycana səfəri texniki problemlərdən dolayı təxirə salınıb. Bundan əlavə, məlumat verə bilmərəm”.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev də APA-ya açıqlamasında bildirib ki, iki məsələnin bir-biri ilə bağlı olduğu barədə məlumatlar tamamilə yanlışdır: “Onların səfərinə texniki səbəblər mane olub. Helikopter məsələsi ilə bağlı söz açılmayıb”.
Qeyd edək ki, VK nümayəndələrinin noyabrın 13-14-də nəzərdə tutulan səfərinin məqsədi Azərbaycanda QHT haqqında qanuna olunan dəyişikliklərlə bağlı hökumət nümayəndələri və QHT təmsilçiləri ilə görüşlər keçirmək, rəy hazırlamaq olub.
Rəy layihəsinin bu ilin dekabrında VK-nın plenar sessiyası çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulurdu.
Apa.az