Varşavada Azərbaycan ilə Polşa arasında hökumətlərarası məsləhətləşmələrin növbəti raundu keçirilmişdir
Fevralın 12-14-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Polşa arasında hökumətlərarası məsləhətləşmələrin növbəti raundunda iştirak etmək üçün Varşavada səfərdə olmuşlar. Bu barədə Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a məlumat verilmişdir.
Azərbaycan nümayəndə heyəti Polşanın rəsmi şəxsləri, o cümlədən Baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Piexoçinski, xarici işlər naziri Radoslav Sikorski, Prezident Administrasiyasının beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini xanım Katajına Pelçinska-Nalenç, iqtisadiyyat nazirinin müavini Andjey Dıxa, Polşa İşəgötürənlər təşkilatının sədri Andjey Malinovski ilə görüşlər keçirmişlər.
Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı rəsmi səfərlər, regionda cərəyan edən proseslər müzakirə edilmişdir. Tərəflər Dövlətlərarası Müştərək Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasına hazırlıq məsələlərini də müzakirə etmişlər.
Səfər çərçivəsində Azərbaycanın Polşadakı səfirliyinin və Polşa İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu ölkənin müxtəlif istehsal sahələrini təmsil edən 40-dan artıq şirkətinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini N.Səfərov Azərbaycanın biznes mühiti, iqtisadi inkişaf proqramları, ölkəmizdə fəaliyyət göstərən şirkətlərə dövlət qayğısından danışmışdır.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkəmizlə bağlı təqdimat keçirmişdir.
“Dəyirmi masa”da geniş fikir mübadiləsi aparılmış, yerli şirkətləri
maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov görüşlərdə iştirak etmişdir.
AzərTac.az