Vaşinqtonda keçirilmiş “Türkiyənin xarici siyasəti və təhlükəsizlik siyasəti: problemlər və perspektivlər” mövzusunda forumda Azərbaycanın mühüm rolu qeyd edilmişdir
Vaşinqtondakı Elmi Tədqiqat Yaxın Şərq İnstitutunda “Türkiyənin xarici siyasəti və təhlükəsizlik siyasəti: problemlər və perspektivlər” mövzusunda forum keçirilmişdir. Moderatoru Yaxın Şərq İnstitutunun Türkiyə Araşdırmalar Mərkəzinin direktoru və həmtəsisçisi Gönül Tol olan tədbirdə Ankaradakı Yaxın Şərq Texniki Universiteti yanında beynəlxalq münasibətlər fakültəsinin professoru, Türkiyənin xarici siyasətinə dair bir sıra kitabların müəllifi doktor Hüseyn Bağcı çıxış etmişdir. Alim Türkiyənin Qərb və Yaxın Şərq ölkələri ilə münasibətlərində Türkiyənin xarici siyasətinin uğurları və səhvləri, habelə Amerika-Türkiyə münasibətlərinin inkişafı barədə məlumat vermişdir.
AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri Yusif Babanlı professor Bağcının maraqlı məruzəsinə görə təşəkkürünü bildirərək ona iki sual vermişdir: “Azərbaycan Türkiyədə ən iri sərmayədarlardan biri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə Türkiyədə ən iri vergi ödəyicisidir. Cənub qaz dəhlizi layihəsi gerçəkləşəndə Azərbaycan Avropanı 16 milyard kubmetr qaz ilə təchiz edəcəkdir, bunun 6 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulmuşdur. Bununla əlaqədar Türkiyənin Avropa ilə münasibətlərində təsiri nə dərəcədə güclənəcəkdir? İkinci sual: Türkiyə hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı tədbirləri görməlidir?”
Professor Bağcı bu suallara cavab olaraq qeyd etmişdir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə demək olar ki, hər il Azərbaycana səfər edir, Bakıda, Gəncədə, Qəbələdə və başqa şəhərlərdə olur. Professor Bağcı vurğulamışdır ki, Transanadolu qaz kəməri layihəsi fəaliyyətdədir və təbii ki, Azərbaycan Türkiyə üçün mühüm tərəfdaşdır. Rusiya, İran (tezliklə İraq da Türkiyəni qaz ilə təchiz edən əsas ölkələr olsalar da qaz idxalının şaxələndirilməsi Türkiyə üçün vacibdir.
Dağlıq Qarabağ münaqişəsinin həlli barədə professor qeyd etmişdir ki, bu münaqişə barədə türkiyəli siyasətçilərin başqa mövqeyi yoxdur və ola da bilməz, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini indiyə qədər həll edə bilməmişdir.
Tədbirdə Vaşinqtonun elmi-tədqiqat mərkəzlərinin nümayəndələri, tədqiqatçılar, universitet tələbələri və ABŞ dövlət departamentinin keçmiş nümayəndələri iştirak etmişlər.
AzərTAc.az