USAID-in Azərbaycan üzrə yeni direktoru vəzifələrinin icrasına başlayır
USAID-in Azərbaycan üzrə missiyasının yeni direktoru vəzifələrinin icrasına başlayıb. Trend-in məlumatına görə, bu barədə USAID-ın Bakı ofisindən bildirilib.
Məlumatda bildirilir ki, xanım Bruk Ayşam (Brooke Isham) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.
Azərbaycan üzrə missiya direktoru kimi, Dr. Ayşam USAID-in ölkədə həyata keçirdiyi proqramlar və göstərdiyi yardıma rəhbərlik edəcək. Bu proqramlar Azərbaycanda həyata keçirilən islahatlara dəstək olaraq rəqabəti və cəmiyyətdə plüralizmi təşviq edir və bazar iqtisadiyyatına əsaslanan davamlı demokratiyanın əsaslarını qoyur.
Bu vəzifəyə təyin olunmazdan əvvəl, xanım Ayşam Əfqanıstanda missiya direktorunun müavini vəzifəsində çalışıb. Bu vəzifədə onun səlahiyyətlərinə USAID-in iqtisadi inkişaf və infrastruktur layihələrinə, habelə Şimalı və Qərbi Əfqanıstanda USAID-in əməliyyatlarına nəzarət daxil idi. Həmçinin o, Mali, Mərkəzi Asiya, Rusiya, İordaniya və Sudanda işləyib.
Həmçinin məlumatda deyilir ki, yeni direktor 1992-ci ildə Stenford Universitetində (Stanford University) xammal iqtisadiyyatı üzrə elmlər namizədi (Ph.D.) dərəcəsini almışdır. Həmçinin o, Stenford Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsini və tətbiqi iqtisadiyyat üzrə magistr dərəcəsini alıb.