Ukrayna böhranı ATƏT XİN Şurasının gündəliyində əsas məsələdir
Ukrayna böhranı və Avropada təhlükəsizlik məsələləri dekabrın 4-5-də Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının əsas mövzuları olacaq. Trend-in məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə ATƏT-in mətbuat katibi Keti Barton deyib.
Onun sözlərinə görə, iclasda ATƏT-in 57 üzv ölkəsinin, habelə digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir: “XİNŞ iclasının iştirakçıları arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri də var”.
K.Barton qeyd edib ki, hazırda ATƏT üçün vacib məqamdır: “Tərəflər regionda vəziyyətin sabitləşdirilməsi və Avropada gərgin vəziyyətin azaldılması üçün mövcud münaqişələr, problemlər üzrə danışıq aparmalıdırlar. Bazeldə tərəflər ATƏT regionunda son illər müşahidə olunan problemlərin həlli üçün səylərini davam etdirmək niyyətindədirlər”.
Trend.az