“Şuşaya azadlıq!” videoçarxının təqdimatı oldu

Posted by

"Şuşaya azadlıq!" videoçarxının təqdimatı oldu

“Şuşaya azadlıq!” videoçarxının təqdimatı oldu

"Şuşaya azadlıq!" videoçarxının təqdimatı oldu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şuşanın ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Azərbaycan xalqının hələ də işğal günlərini qeyd etməyə məhkum olmasından təəssüfünü ifadə edib. O, həmçinin Dağlıq Qarabağ probleminin həllində irəliləyişin əldə olunmamasına görə ATƏT-in Minsk qrupunu da ittiham edib.

 

Daha sonra 2 ildir başlanmış “Şuşaya azadlıq!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanan, 22 dildə Şuşanın işğaldan azad edilməsinə çağırışların səsləndiyi videoçarx nümayiş etdirilib.

 

A.Quliyev qeyd edib ki, kampaniyanın məqsədi dünyaya Şuşa ilə bağlı dolğun və obyektiv informasiyaların çatdırılması, dünya ictimaiyyətinin məsələnin mahiyyətindən xəbərdar olmasının təmin edilməsidir.

 

Tədbirdə çıxış edən “Şuşaya azadlıq!” videoçarxının hazırlanması üzrə işçi qrupun üzvü, “qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov bildirib ki, kampaniya çərçivəsində bu filmin internet vasitəsilə geniş miqyasda yayılması, 5 dildə “Şuşaya azadlıq” saytının yaradılması, eləcə də bir neçə ölkədə aksiyaların keçirilməsi nəzərdə tutulur: “İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji və sosioloji sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək məqsədi ilə mübarizə aparan tərəflər bir-birilərinin informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər bir vasitələrdən istifadə edirlər. Müharibə şəraitində yaşayan və 20 faiz torpaqları təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kimi dövlət üçün informasiya müharibəsi daha böyük əhəmiyyət kəsb edir”.

 

Lakin, onun fikrincə, mövzunun əhəmiyyəti və qarşı tərəfin imkan və səyləri də nəzərə alınaraq bu işlər peşəkar səviyyədə aparılmalıdır: “Prosesdə reklam, təbliğat, ictimaiyyətlə əlaqələr, informasiya, lobbiçilik və digər təqdimat vasitələrindən peşəkar şəkildə istifadə edilməsi şərtdir. Siyasi, hüquqi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə strateji planlama və strateji idarəetmə modelinə sahib yaxşı təşkilatlanma vacibdir. Bununla yanaşı, keçirilən tədbirlərin təsirinin azaldılması məqsədilə düşmən tərəfin aparacağı əks təbliğatlara da hazırlıqlı olmaq lazımdır”.

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropada bir sıra ölkələrdə Şuşanın işğalı ilə bəyanatlar yayılacağını, təbliğatı xarakterli digər tədbirlər keçiriləcəyini bildirib.

 

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli “Şuşaya azadlıq!” kampaniyasının da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası kimi səmərəli olacağına ümid etdiyini bildirib. O da öz növbəsində rəhbərlik etdiyi təşkilatın bir sıra beynəlxalq təşkilatlarda və tədbirlərdə “Şuşaya azadlıq!” şüarı altında müxtəlif aksiyalar keçirəcəyini açıqlayıb.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bu kampaniyanın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, kampaniyanın geniş vüsət alması üçün həm parlament üzvləri, həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən tərbirlər görüləcəyini açıqlayıb.

 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, “Şuşaya azadlıq!” videoçarxı bütün dünyada geniş şəkildə yayımlanmalıdır. Onun fikrincə, hazırda bəzi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminə məqsədli şəkildə laqeydlik nümayiş etdirir. Ona görə də kampaniya çərçivəsində beynəlxalq təşkilatlara da müraciət və çağırışlar ünvanlanmalıdır.

 

Tədbirdə çıxış edən digər natiqlər də kapmaniyanın səmərəliliyinin artırılması məqsədilə müxtəlif fikir və təkliflərlə çıxış ediblər, Sənan Nəcəfov isə “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasının işçi qrupunun koordinatoru seçilib.

 

Tədbirdə hamının bu kampaniyanın həyata keçirilməsində yaxından iştirakının vacibliyini vurğulanıb və qeyd edilib ki, Azərbaycanın Şuşanı azad edə biləcək əsgəri də, generalı da, Ali Baş Komandanı da var.

 

Xatırladaq ki, Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

 

Trend.az