TSEK-ə son dəyişikliklər əlilliyin qiymətləndirilməsini asanlaşdırıb

Posted by

TSEK-ə son dəyişikliklər əlilliyin qiymətləndirilməsini asanlaşdırıb

TSEK-ə son dəyişikliklər əlilliyin qiymətləndirilməsini asanlaşdırıb

TSEK-ə son dəyişikliklər əlilliyin qiymətləndirilməsini asanlaşdırıb

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əlilliyin qiymətləndirilməsi prosesinin elektron texnologiyalar əsasında şəffaf şəraitdə həyata keçirilməsini və bu sahədə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılmasını təmin edir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edilən Əsasnaməyə edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.

 

S.Müslümov bildirib ki, son illərdə nazirliyin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də şəffaflaşdırılması, bunun üçün həmin sistemin elektron texnologiyalar üzərində qurulması üçün məqsədyönlü işlər aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesinin avtomatlaşdırılmış şəraitdə aparılmasına imkan verir. Eyni zamanda, əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti beş il müddətinə, uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddəti üç il müddətinə uzadılmaqla, birinci dərəcə əlillik müddətsiz müəyyən edilib. Həmin islahat tədbiri tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş təmaslarının dəfələrlə azalmasına səbəb olub.

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər isə yaradlılan avtomatlaşdırılmış sistemdən tam istifadə edilməklə, əlilliyin qiymətləndirilməsinin artıq məmur-vətəndaş təmasları olmadan, şəffaf şəkildə yerinə yetirilməsini nəzərdə tutur. Bunun üçün dəyişikliklər ilk növbədə Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların müayinəsi prosedurunun tam aradan qaldırılmasını şərtləndirir. Əsasnamədə əlilliyin qiymətləndirilməsi üçün vətəndaşların TSEK-ə gəlmələri, TSEK tərəfindən müayinə olunmaları və s. nəzərdə tutan bütün müvafiq bəndlər ləğv edilir. Eləcə də “müayinə”, “müayinə olunan” ifadələri “əlilliyin qiymətləndirilməsi” və “təkrar müayinə” ifadəsi “əlilliyin təkrar qiymətləndirilməsi” ifadələri ilə əvəz edilir ki, bu da əlilliyin qiymətləndirilməsində müayinə etmə prinsipinin, bununla da məmur-vətəndaş təmaslarının aradan qalxmasını şərtləndirir”.

 

S.Müslümov bildirib ki, dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə göndərişlərin reyestrinə daxil ediləcək və dərhal sonra isə TSERAS-a ötürüləcək: “TSERAS göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin, yəni əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək. Məhz bundan sonra sistem qeyd olunan göndərişi əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə göndərəcək. Lakin bu zaman göndəriş onu verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK-ə heç bir halda göndərilə bilməz. Artıq TSEK göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edəcək”.

 

Nazir qeyd edib ki, bununla belə, əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyinin təmin edilməsi üçün göndərişin yalnız bir TSEK-ə deyil, seçmə üsulu ilə bir neçə TSEK-ə də göndərilməsi nəzərdə tutulur: “Əgər eyni göndəriş üzrə TSEK-lərin qəbul etdiyi qərarlarda fərqlilik, uyğunsuzluq olarsa, tam obyektiv qərarın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçiriləcək”.

 

S.Müslümov diqqətə çatdırıb ki, TSEK göndəriş əsasında əlilliyin qiymətləndirilməsini iki iş günü ərzində yerinə yetirməlidir: “Qiymətləndirmənin nəticələri TSEK-də bir iş günü ərzində kollegial qaydada müzakirə olunduqdan dərhal sonra qərar qəbul olunacaq. Bu qərar, habelə əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, qərarın aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş, onun üçün nəzərdə tutulan əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə də təsdiqlənəcək”. Nazir bildirib ki, bununla yanaşı, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmaması və s. hallarda TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri haqqında məlumatları TSERAS-a daxil edəcək. Bu zaman müayinənin artıq Xidmət tərəfindən həyata keçirilməsini zəruri edən səbəblər də sistemə ötürüləcək və Xidmət TSERAS vasitəsilə və anonimlik şəraitində bu məlumatları qəbul edərək, obyektiv qərar verəcək.

 

“Göründüyü kimi, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur tibbi-sosial ekspertiza sisteminin son illərdə qurulmuş elektron ifrastrukturu üzərində əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, tam obyektiv və şəffaf şəraitdə aparılmasını təmin edəcək”, – deyə vurğulayan S.Müslümov onu da bildirib ki, son illərdə əlilliyin qiymətləndirilməsi ilə bağlı qəbul edilmiş bütün qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində TSERAS-a daxil edilir: “Bu da vətəndaşların əlilliklərinin qiymətləndirməsinin nəticəsi barədə heç kimə müraciət etmədən elektron formada məlumat almalarına imkan verib. Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətləri bunun üçündür. Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi” vasitəsilə də bu barədə məlumat əldə etmək mümkündür. Digər tərəfdən, aidiyyəti işəgötürənlərin və dövlət orqanlarının müvafiq hallarda “Elektron hökumət” portalı üzərindən qeyd olunan sistemdən həmin məlumatları əldə etmələrinə şərait yaradılıb.

 

Tədbirdə iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev əlilliyin qiymətləndirilməsi sisteminin elektron texnologiyalar əsasında təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib. O, Əsasnaməyə edilən dəyişikliklərə uyğun olaraq, səhiyyə müəssisələri tərəfindən də aidiyyəti işlərin yerinə yetiriləcəyini vurğulayıb.

 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov Əsasnaməyə edilən dəyişikliklərlə bağlı əlilliyin qiymətləndirilməsi prosesinin elektron qaydada aparılması prosedurlarına dair təqdimatla çıxış edib.

 

Trend.az