Türkiyənin “Milliyet” qəzetinin bloqunda Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilmişdir
Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin internet bloqunda AzərTAc-ın müxbiri Sabir Şahtaxtının “Xocalı soyqırımı qurbanlarının yeganə günahı onların azərbaycanlı olmaları idi” sərlövhəli məqaləsi yerləşdirilmişdir.
Müəllif məqalədə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun köməyi ilə 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdikləri hərbi cinayətlərdən bəhs etmiş, dinc sakinlərə, qocalara və uşaqlara qarşı həyata keçirilmiş amansız qətliam barədə ətraflı məlumat vermişdir. Yazıda qadınların və uşaqların zorakılığa məruz qaldıqları qeyd edilmiş, hətta cəsədlərin belə təhqir olunduğu diqqətə çatdırılmışdır.
Həmin vaxt bu faciə barədə məlumatların beynəlxalq media qurumları tərəfindən dünyaya çatdırıldığını vurğulayan müəllif dünya ictimaiyyətinin bu dəhşətli cinayətə lazımi siyasi-hüquqi qiymət vermədiyini vurğulamışdır.
Müəllif yazır ki, Xocalı soyqırımının baş verməsinin əsas səbəbləri ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin davam etdirilməsi və bu məsələdə beynəlxalq aləmdə hökm sürən ikili standartlar olmuşdur.
Məqalədə Xocalıda baş vermiş misli görünməmiş vəhşiliklərin soyqırımı olması nəzəri cəhətdən əsaslandırılmışdır.
AzərTac.az