Türkiyənin Beynəlxalq Araşdırmalar Mərkəzi: Ermənistanla sərhədi açmaq Türkiyənin nüfuzunu aşağı salacaq
Türkiyə Ermənistanla sərhədinin bağlanma səbəbi aradan qalxmadan sərhədi açmamalıdır. Trend xəbər verir ki, bunu Türkiyənin nüfuzlu beyin mərkəzlərindən hesab edilən Beynəlxalq Araşdırmalar Mərkəzinin (USAK) direktor müavini, professor Kamer Kasım mərkəzin rəsmi saytında yer alan “Türkiyə-Ermənistan sərhəd qapıları” adlı məqaləsində qeyd edib.
Onun fikrincə, Dağlıq Qarabağ problemi həll edilmədən belə bir cəhd Azərbaycanla münasibətlərdə təsiri uzun illər davam edəcək təxribata gətirib çıxaracaq. Bundan əlavə, bölgə ölkələrində, Türkiyənin ən yaxın əlaqəsinin olduğu, strateji ortağı səviyyəsindəki bir ölkə üçün çox əhəmiyyətli bir mövzuda siyasi iradə göstərə bilmədiyi təəssüratı yaradacaq: “Türkiyənin ən səlahiyyətli insanları tərəfindən problem həll edilmədən sərhədin açılmayacağının bəyan edildiyi nəzərə alınarsa, ediləcək hər hansı əks-cəhd Azərbaycanın inamının qırılması ilə yanaşı, Türkiyənin nüfuzdan düşməsinə gətirib çıxaracaq”.
K.Kasım bildirib ki, Türkiyənin Ermənistan sərhədini Dağlıq Qarabağ problemi həll edilmədən açması həm etik baxımdan, həm də siyasi baxımdan düzgün olmayacaq: “Etik baxımdan Azərbaycan torpaqlarını işğal altında saxlayan, üstəlik, işğala son qoymaq məsələsində iradəsi olmayan, əksinə, işğalın davamlı olmasına çalışan Ermənistan ilə sərhədi açmaq problemli yanaşma olacaq. Bununla yanaşı, BMT-nin işğalın sona yetməsini tələb edən qərarları var və öz icrasını gözləyir. Real siyasi baxımdan isə Türkiyənin Ermənistanla sərhədini açmasından sonra əldə edə biləcəyi qazancla və bunun qarşılığında itirə biləcəklərinə baxdıqda ortada ciddi bir uyğunsuzluq var. Ermənistan sərhədinin Dağlıq Qarabağ problemi həll edilmədən açılması Azərbaycan ilə əlaqələrə xələl gətirər”.
Azərbaycanla Türkiyə arasında yüz milyard dollarlarla strateji iqtisadi layihələrin həyata keçirildiyini, eləcə də planlaşdırıldığını xatırladan USAK-ın direktor müavini qeyd edib ki, iqtisadiyyatı Rusiyadan asılı olan və bir heç enerji ehtiyatı olmayan Ermənistanın isə Türkiyəyə təklif edəcəyi bir şey yoxdur.
Araşdırmaçının fikrincə, Dağlıq Qarabağ problemi həll edilmədən Türkiyənin sərhədi açmasının Ermənistanın “soyqırım” iddiaları məsələsində diasporun siyasətini dəyişdirəcəyi və ya fəaliyyətini azaldacağı baxımdan da mənası olmayacaq.
O bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və xüsusilə sərhədlərin açılması üçün Türkiyədə lobbiçilik edənlərin ortaya qoyduğu rəqəmlər Ermənistanın iqtisadi həqiqətləri ilə uyğun gəlmir: “Bundan əlavə, Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan əlaqələrindən ayrı olması arqumenti isə Türkiyənin Ermənistanla sərhədi bağlamasının səbəbini nəzərə almamaq mənasını daşıyır. Ermənistanın işğalçı mövqeyini davam etdirməsini nəzərə almadan Qərbə yaxınlaşacağı düşüncəsi ilə ona çoxlu maliyyə dəstək verən ölkələr isə Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra, hələ kifayət qədər etiraf etməsələr də, səhv etdiklərini dərk ediblər. Həmin ölkələrin vergi ödəyən vətəndaşları işğalçı bir ölkəyə siyasətini dəyişdirmədiyi ya da dəyişdirəcəyinə dair işarə vermədiyinə görə verilən pulların hesabatını tələb etməlidirlər”.
K.Kasım vurğulayıb ki, regionda Dağlıq Qarabağ kimi sabitliyə ən böyük təhlükə mənbəyi olan problem həll edilmədiyi təqdirdə Qafqazda daimi sülhün təmin edilməsi mümkün olmadığı kimi, Türkiyə-Ermənistan əlaqələri də normallaşmayacaq.
Trend.az