Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşlarının adları məlum olub
Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşlarının adları məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər – 1991-ci il təvəllüdlü Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad oğludur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşur.
İstanbuldakı baş konsulu Həsən Zeynalov isə APA-ya açıqlamasında saxlanılanların yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlarını deyib: “Hazırda həmin şəxslərin izahatı alınır. Bu işlər başa çatandan sonra onların hamısı Azərbaycana deportasiya olunacaq”.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.
Məıumata görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər.
APA.az