Türkiyədə baş vermiş terrorda 34 nəfər ölüb, 125 nəfər yaralanıb
Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.
APA-nın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yüklü maşınla törədildiyi artıq dəqiqləşib.
Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırmalardan sonra açıqlanacaq.
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, terror aksiyası nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: “Onlardan 7-si əməliyyata alınıb, 19 nəfərin isə durumu ağırdır”.
Qeyd edək ki, terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib.
Apa.az