Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu keçirilib
Noyabrın 15-dən 17-dək Şimali Kipr Türk Respublikasında Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu keçirilib.
Mətbuat Şurasından AzərTAc-a bildiriblər ki, “Türkdilli ölkələrin və toplumların aktual problemlərinin həllində medianın rolu” mövzusunda keçirilən forumda 21 ölkədən 250-yə yaxın media nümayəndəsi iştirak edib.
Tədbirdə Azərbaycanı Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forumun açılışında Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğlu, Türkiyənin Mətbuat və İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya, Türkiyə Baş nazirinin müavini Bülənt Arınc, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək türkdilli ölkələrin və toplumların bir-biriləri ilə münasibətlərinin gücləndirilməsində medianın önəmini qeyd ediblər.
Forum 4 iclasdan ibarət olub. Birinci iclasda türkdilli ölkələrin və toplumların aktual problemlərinə media yanaşması məsələləri ətrafında məruzələr edilib, müzakirələr aparılıb.
İclasda Ə.Amaşov türkdilli ölkələrin və toplumların problemlərinin həllinə medianın köməyi, ötən üç il müddətində türkdilli ölkələrin və toplumların media birliyinin gördüyü işlər, texnoloji yeniliklərin formalaşdırdığı yeni medianın ortaq dəyərlərin təbliğində rolu barədə danışıb. O deyib ki, keçirilən bu forumlar dünyaya türk birliyi mesajının verilməsi baxımından önəmlidir və bu işdə hazırda onlayn medianın imkanlarından yararlanmaq vacibdir.
Forumun üçüncü iclasında iştirakçılar türk dünyasının görkəmli şəxsiyyəti İsmayıl bəy Qaspıralının ortaq türk dəyərlərinin təbliği ilə bağlı fəaliyyətindən söhbət açıblar. Bu iclasda, həmçinin türkdilli ölkələrin dövlət və hökumət səviyyəsindəki əlaqələrinin gücləndirilməsində medianın daşıdığı missiyaya diqqət yetirilib.
Forumun dördüncü iclasında isə türkdilli media orqanlarının peşəkarlığı məsələləri müzakirə olunub, bu xüsusda əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
İclasda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məruzə ilə çıxış edərək qlobal siyasi proseslərdə türk dünyasının yeri və rolundan danışıb, türkdilli ölkə və toplumlara məxsus media orqanlarının qlobal rəqabət müstəvisində daşıdığı funksiyanın müxtəlif aspektlərini şərh edib.
Toplantıda qarşıdakı forumların türk dünyasının önəmli şəxsiyyətlərindən birinə həsr olunması qərara alınıb. Bu baxımdan V forumun Əli bəy Hüseynzadəyə həsr edilməsi məqsədəuyğun sayılıb. Forumda, həmçinin Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin türk xalqlarının ortaq problemləri ilə əlaqədar dünyanın media ictimaiyyətinə müraciət ünvanlaması barədə razılığa gəlinib. Bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin, habelə İraqda və digər bölgələrdə türk xalqlarının üzləşdikləri durumun daha səmərəli şəkildə beynəlxalq aləmə çatdırılmasının zəruriliyi vurğulanıb.
AzərTac.az