Toronto şəhərində Azərbaycanda sərmayə imkanları” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə “Azərbaycanda sərmayə imkanları” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, Cənubi Qafqaz regionunda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış etmişdir. Azərbaycanda investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə iştirak edən kanadalı işgüzar adamlar Azərbaycan ilə biznes əlaqələri və ölkəmizdə həyata keçirilən müxtəlif layihələr barədə şəxsi təcrübələrini bölüşmüşlər. Onlar Azərbaycanın iqtisadi sahədə böyük potensiala malik olduğunu vurğulamış və Kanada şirkətlərini ölkəmizin iqtisadi həyatında iştirak etməyə çağırmışlar.
Sonra səfir F.Şəfiyev tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
AzərTac.az