Ötən il Azərbaycanda qeydə alınan korrupsiya cinayətlərinin statistikası açıqlanıb
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ildə respublikada qeydə alınan korrupsiya cinayətlərinin statistikasını açıqlayıb.
APA-nın məlumatına görə, cari ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən idarənin rəisi K. Əliyev qeyd edib ki, həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılıb, həmçinin 230 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 69%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 5311 müraciət daxil olub, həmin müraciətlərin 26-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 16-sı üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
2013-cü ildə idarənin istintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə, 41 şəxs barəsində 16 iş rüşvət alma, 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min manat və ya 42,9 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.