Təhsil sahəsində əhəmiyyətli layihələr reallaşdırılır
Noyabrın 6-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, konfransda Təhsil Nazirliyi informasiya şöbəsi müdirinin müavini və şöbənin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov təhsil sahəsində həyata keçirilən yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, noyabrın 8-də Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək. Yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin “SABAH” qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələr iştirak edəcəklər.
C.Valehov, eyni zamanda, “Gələcək – müəllimin əsəridir” və “İctimai təşəbbüslərin dəstəklənməsi” layihələri barədə məlumat verib.
Elektron dərslik portalı haqqında məlumat verən Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayev bildirib ki, indiyədək bu resursdan 5 minə yaxın insan istifadə edib. Son günlər məktəblərdə aparılmış təbliğat və təlimlər nəticəsində portala maraq daha da artıb. Hazırda Azərbaycan bölməsi üzrə VI siniflər üçün elektron dərsliklər portalda yerləşdirilib. İlin sonunadək II, III və VII siniflər üçün elektron dərsliklər də portalda yerləşdiriləcək.
Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə 2014-2015-ci tədris ili üçün keçirilən müsabiqənin yekunlaşdığını bildirib.
Qeyd olunub ki, müsahibələr nəticəsində 572 tələbə dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.
H.Həsənli diqqətə çatdırıb ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin ümumi sayı artıq 3 min 183 nəfərə çatıb.
Eyni zamanda bildirilib ki, hazırda Təhsil Nazirliyi tərəfindən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. Yeni proqramda bakalavriatdan sonrakı təhsil səviyyələri üzrə təhsil almağa üstünlük veriləcək.
Sonra “Gələcək – müəllimin əsəridir” mövzusunda keçirilmiş telesüjet müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
AzərTac.az