Təhsil Nazirliyi tələbələrin narazılığına səbəb olan yeni qaydalarla bağlı açıqlama yayıb
Azərbaycan Təhsil Nazirliyi tələbələrin narazılığına səbəb olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə bağlı açıqlama yayıb.
Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” Azərbaycanın qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanıb.
Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən, tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir: “Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu, şərt narazılığa səbəb olub. Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində akademik borcların artımına gətirib çıxarır. Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur”.
Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilib. Ali təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla) yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla edilə bilər. Qeyd olunan halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Eyni zamanda, Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir: “Bununla yanaşı, tələb olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə əsaslanmır.
Təhsil Nazirliyi bildirir ki, ali təhsil sahəsində aparılmış islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə muxtariyyətı əldə etmişlər. Belə olan təqdirdə ali təhsil müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və sair) təhsil haqqlarının ödənilməsi məqsədilə öz büdcələrində xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər.
Qeyd edək ki, 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə bağlı, o cümlədən Qaydaların tətbiqi ilə bağlı bütün suallar nazirliyin Facebook səhifəsində operativ şəkildə cavablandırılacaq.
Trend.az