Təhsil Nazirliyi dövlət imtahanı verə bilməyən tələbələrin təhsillərini hansı formada davam etdirməsinin mümkünlüyünü açıqlayıb
Azərbaycan Təhsil Nazirliyi dövlət attestasiyasından keçə bilməyən ali məktəb tələbələrinin təhsillərini hansı formada davam etdirməsinin mümkün olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, qüvvədə olan qaydalara görə, ali təhsil müəssisələrində yekun dövlət attestasiyasından keçməyən şəxslərə növbəti 4 ildə 2 dəfə attestasiyadan keçmək üçün imkan yaradılır. Həmin şanslardan istifadə etməyən şəxslər “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a uyğun olaraq ali təhsil müəsisəsinə bərpa olunmaq və həmin şansı təkrar qazanmaq hüququna malikdirlər.
Bununla yanaşı, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Tələbə ali təhsil müəssisəsindən yalnız öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda xaric edilir.
Trend.az