Təhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıb

Posted by

Təhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıbTəhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıb

Təhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıb

Bu gün Təhsil Nazirliyinin “Edumedia Azərbaycan” təşkilatı ilə birgə keçirdiyi “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə dünən Bakının Binəqədi rayonundakı binada baş vermiş yanğın nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycan dövlətinin hər zaman təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə çox böyük diqqət yetirib: “Azərbaycanda qəbul edilən hüquqi normativ aktlar, dövlət proqramları bunu deməyə əsas verir. 2013-2020-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramının hazırlanması istiqamətində tərəfimizdən işlər davam edir.

 

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə xüsusi önəm veriləcək. Son tədris ili ərzində 60 dərslik elektron formatda hazırlanıb. Gələcəkdə bu dərsliklərin sayı artırılacaq. Eyni zamanda, son tədris ilində 120-yə yaxın video dərslər hazırlanıb. Bildiyiniz kimi, artıq birinci sinfə qəbul elektron formatda aparılır. Biz artıq bunun yaxşı mənada fərqini görürük. Şagirdlər barədə dolğun məlumatımız var”.

 

C. Bayramov qeyd edib ki, Böyük Britaniyanın “Promethean” şirkətinin Azərbaycandakı nümayəndəliyi “Edumedia Azərbaycan” təşkilatı ilə birgə keçirilən layihə çərçivəsində Təhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıb: “Bu lövhələrin əsas üstünlükləri minlərlə elektron dərsliklərə çıxış imkanı, iki istifadəçinin eyni zamanda işləməsinə şərait yaratması, müxtəlif əməliyyat sistemləri ilə işləmə qabiliyyətidir. Qeyd edim ki, elektron lövhədən istifadənin effektivliyinin artırılması məqsədilə ümumtəhsil məktəblərindən olan 4300-dən çox müəllimə təlim keçirilib”.

 

“Promethean” şirkətinin Mərkəzi Asiya üzrə regional meneceri Con Makdermot layihə barədə tədbir iştirakçılarına məlumat verib.

 

Müsabiqə 1-4-cü siniflər üçün hazırlanmış “ən yaxşı resurs”, 5-11-ci siniflər üçün hazırlanmış “ən yaxşı resurs” və “ən yaxşı təlimçi” işi nominasiyaları üzrə keçirilib. İştirakçıların əsas vəzifəsi məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən, “Activinspire” proqramının köməkliyi ilə hazırlanmış elektron materiallardan ibarət və metodiki şərhlərlə əsaslandırılan didaktik material təqdim etmək olub. Müsabiqə dövründə 200-dən çox resurs qəbul olunub və onlar arasından qaliblər seçilib.

 

Sonda qaliblərə mükafatlar təqdim olunub. Onlara diplomlarla yanaşı, “Promethean” şirkətinin məhsulları olan “Promethean ActivExpression”, “Promethean ActivView” və “Promethean ActivSlate” avadanlıqları verilib.

 

Apa.az