Mayın 27-də Tbilisidə NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində qurumun müdafiə və təhlükəsizlik komitəsinin iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Gürcüstanın müdafiə naziri Levan İzoria iclasda çıxış edərək ölkəsinin Avratlantik strukturlara inteqrasiyası, Silahlı Qüvvələrdə islahatlar, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdən danışıb.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iclasda çıxış edərək bildirib ki, Azərbaycan dövləti və xalqı Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyasını dəstəkləyir. Beynəlxalq terrorizm və separatizm təhlükələrindən danışan S.Novruzov deyib ki, Gürcüstan kimi, Azərbaycanın da əraziləri işğal olunub. Ermənistan silahlı birləşmələri Azərbaycanın ərazisinin 20 faizini işğal edib. Təhlükələr bu gün də davam edir.
Siyavuş Novruzov nazirə sualla müraciət edərək deyib: “Məlumdur ki, Gürcüstan ərazisindən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu keçir. 2008-ci ildə bu kəmərləri partlatmaq cəhdi olub. ASALA terror təşkilatı dəfələrlə bu kəmərləri partlatmaqla hədələyib. Gürcüstan Silahlı Qüvvələri bu layihələrin mühafizəsi üçün hansı tədbirlər görür?”
L.İzoria deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Mən də nazir kimi ilk səfərimi Azərbaycana etmişəm. Bu gün həqiqətən də terrorizm və separatizm təhlükəsi var. Gürcüstan bunlara qarşı mübarizə aparır. Enerji və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatı Gürcüstanın prioritetlərindəndir. Lakin bu cür təhlükələrə qarşı birgə mübarizə daha böyük səmərə verə bilər. Ona görə də biz üçtərəfli əməkdaşlığa üstünlük veririk. Bu günlərdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin 5-ci görüşü oldu. Bu görüşdə biz çox mühüm məsələlər müzakirə edildi. Üçtərəfli əməkdaşlığımız çərçivəsində yaxın vaxtlarda bizim hərbi təlimlərimiz olacaq. Sentyabrda hər üç ölkənin hərbçilərinin iştirakı ilə daha bir hərbi təlim keçirəcəyik. Düşünürəm ki, üçtərəfli əməkdaşlığımız sayəsində biz qlobal layihələrin səmərəli mühafizəsini və təhlükəsizliyini effektiv təmin edə biləcəyik”.
Qeyd edək ki, bu gün NATO PA-nın iqtisadiyyat və təhlükəsizlik, elm və texnologiyalar komitələrinin də iclasları keçirilib.
AZƏRTAC