Taner Yıldız: Türkiyənin Rusiya qazına ehtiyacı var
Türkiyə Rusiya ilə münasibətləri qiymətləndirir. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, Türkiyənin Rusiya qazına ehtiyacı var və Rusiyaya Avropa ölkələri kimi yanaşmayacaq.
Dekabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Türkiyədə danışıqların gedişində bildirdi ki, indiki şərtlərlə, həmçinin Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə RF Avropa bazarına Rusiya qazının çatdırılmasını nəzərdə tutan “Cənub axını” layihəsinin reallaşdırılmasını davam etdirə bilmir. Bundan bir qədər sonra “Qazprom”un rəhbəri Aleksey Miller “Cənub axını” layihəsinin bağlandığını deyib.
Qeyd edək ki, dünən “Qazprom” və BOTAŞ şirkətləri arasında 63 milyard kubmetr gücündə qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Bu qazın 14 milyard kubmetrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.
Trend.az