İƏT ölkələrinin din siyasəti ilə məşğul olan qurumlarının rəhbərlərinin birgə konfransının Azərbaycanda keçirilməsi təklif edilir
“Həm İslamofobiya, həm də ekstremist dünya görüşü ilə birgə mübarizə aparmalıyıq”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Bakıda Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşdə bildirib.
Görüşdə Dövlət Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatı arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində konkret layihələr üzrə fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin dəstəyi ilə ötən il hazırlanmış və artıq Türk dünyası mədəniyyət paytaxtı olan Əskişəhərdə sərgilənmiş “Azərbaycan – İslam mədəniyyətinin incisi” sərgisinin bu il İƏT-in Baş Qərargahında nümayiş etdirilməsi, eyni zamanda təşkilata üzv ölkələrdə təqdimatının birgə keçirilməsi ilə bağlı razılıq əldə olunub.
İyad Əl- Mədəni dünya ölkələrində, xüsusən də Təşkilata üzv olan İslam ölkələrində müxtəlif məzhəblər arasında yaranan qarşıdurmalar, xüsusilə də təkfirçi və ekstremist qüvvələrin aktiv fəaliyyətindən, o cümlədən islamafobiyanın mövcudluğundan danışıb, həm İslamofobiya, həm də ekstremist dünya görüşü ilə birgə mübarizənin əhəmiyyətini önə çəkib.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini vurğulayan İyad Əl- Mədəni, ölkəmizin dini tolerantlıq sahəsindəki təcrübəsinin digər müsəlman ölkələrində tətbiq edilməsinin vacibliyini bildirib. Baş katib dövlət-din münasibətləri sahəsində birgə təcrübənin paylaşmasının əhəmiyyətini vurğulayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin din siyasəti ilə məşğul olan dövlət qurumlarının rəhbərlərinin birgə Konfransının təşkil edilməsi təklifini irəli sürərək, bu tədbirin Azərbaycanda keçirilməsi məsələsini qaldırıb.
Trend.az