İsveçrə ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli axtarışlarına dəstək verəcək
İsveçrə xarici siyasət idarəsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Ankaradan vasitəçilik təklifi almasına dair xəbərləri şərh edib.
İsveçrə Xarici İşlər Departamentindən APA-ya bildiriblər ki, oktyabrın 10-da departamentin federal müşaviri Didye Burkhalter Berndə Türkiyənin xaric işlər naziri Əhməd Davudoğlu ilə görüşüb: “Federal müşavir Burkhalter Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması üçün 2009-cu ildə Sürixdə imzalanmış protokolların əhəmiyyətini qeyd edib”.
Gələn il ATƏT-ə sədrlik edəcək İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı rola gəlincə, İsveçrə xarici siyasət qurumundan bəyan ediblər ki, Cənubi Qafqazda dialoq və etimadın möhkəmləndirilməsi sədrlik dövrünün əsas prioritetlərindən biri olacaq: “Fəaliyyətdə olan sədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli axtarışlarına dəstək verəcək”.
Xatırladaq ki, Türkiyənin “Today’s Zaman” qəzetinin xəbərinə əsasən Türkiyə İsveçrədən xahiş edib ki, Ermənistanla münasibətlərinin normallaşmasına zəmin yaratmaq üçün Azərbaycanla Ermənistan arasındakı problemin həllinə yardım göstərsin.