“Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib

Posted by

“Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib

 

“Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib

“Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Baş Prokurorluğun təşkilatçılığı ilə hazırlanmış “Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, Baş Prokurorluğun Xarici İşlər Nazirliyi ilə birgə təşkil etdiyi tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk növbədə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasına dövlət maraqlarının əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, 26 il bundan əvvəl baş verən bu hadisənin əsasında erməni millətçilərinin saxta torpaq iddiaları ilə SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır: “Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını vəhşi, qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinmədilər”.

 

Kitabda SSRİ və Azərbaycan SSRİ Prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Bununla belə, uydurma “Böyük Ermənistan” problemi, “erməni məsələsinə” həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə, hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin öz obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer alıb.

 

Sonra Baş prokurorunun birinci müavini Rüstəm Usubovun kitab haqqında məruzəsi dinlənilib. Qeyd edilib ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, kitabın müəllifləri hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışıblar.

 

Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, AMEA-nın müxbir üzvü Kamal Abdulla, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edərək kitabın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

 

Apa.az