Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinin vaxtı uzadılıb

Posted by

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı vaxtının uzadılması ilə bağlı elan verib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı vaxtı uzadılıb. İctimai Şuraya seçkilərdə iştirak etmək istəyən namizədlər noyabrın 23-dək öz namizədliklərini irəli sürə və qeydiyyatdan keçə bilərlər.

Seçkilər noyabrın 30-da komitənin inzibati binasındakı (Mərdanov qardaşları, 124) iclas zalında keçiriləcək. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib.

Seçkilərdə komitənin fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik vətəndaş cəmiyyəti institutlarının – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları və vətəndaşların təşəbbüs qruplarının nümayəndələri namizəd kimi iştirak edə bilərlər.

Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizəd təmsil etdiyi vətəndaş cəmiyyətinin müraciəti əsasında irəli sürülür. Vətəndaş cəmiyyəti institutu müraciətinə (müraciət nümunəsi elanın sonunda yazılıb) ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir – şəxsiyyət vəsiqəsinin surətini; namizədin tərcümeyi-halını; namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;

– namizədin SMPDK-nın fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər);

– tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai Şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Azərtac