İstanbulda “Qaçqınlar və miqrantlar problemi” mövzusunda beynəlxalq konfrans keçirilir
Noyabrın 5-də İstanbulda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) və Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə “Qaçqınlar və miqrantlar problemi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda ölkəmizi Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları Məlahət İbrahimqızı və Sahibə Qafarova təmsil edirlər.
Əvvəlcə bu ilin yayında Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd hadisələrini, həmçinin dünyadakı qaçqın və miqrant problemlərini əks etdirən sənədli filmlər nümayiş olunub.
Konfransın rəsmi açılışında AKP-nin sədri, Türkiyənin Baş naziri Binəli Yıldırım, ICAPP-ın baş katibi Çanq Eui-Yonqun və digər rəsmi şəxslərin çıxışları dinlənilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın Daimi Komitəsinin üzvüdür.
Azərbaycanlı deputatların da çıxış edəcəkləri konfrans noyabrın 6-da işini davam etdirəcək.
AZƏRTAC