İsrailin Azərbaycandakı səfiri Mingəçevirə səfər edib
İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz Mingəçevirə səfər edib.
APA-nın yerli bürosunun xəbərinə görə, səfir əvvəlcə Heydər Əliyev Mərkəzi, Sahil parkı, Dostluq parkı, Mingəçevir Su Elektrik Stansiyası ilə yaxından tanış olub. Sonra qonaq Mingəçevir şəhərinin yaranmasının 66-cı ildönümü ilə bağlı keçirilən bayram tədbirində iştirak edib. Səfirə şəhər haqqında geniş məlumat verilib, şəhərdə aparılan quruculuq və abadlıq işləri, yenidən qurulan Heydər Əliyev parkının layihəsi barədə məlumat verilib. Səfir Rafael Harpaz regionlara səfəri çərçivəsində Göyçaydan sonra ilk dəfə Mingəçevirə gəldiyini bildirib.
Mingəçevirdə çox böyük layihələrin həyata keçirilməsinin və 2015 ci ildə şəhərdə keçiriləcək Avropa Olimpiya Oyunlarının avarçəkmə yarışlarına böyük hazırlıq işlərinin görülməsinin şahidi olduğunu qeyd edib.
“Biz əlaqələrimizi müxtəlif sahələrdə, əsasən da turizm sahəsində inkişaf etdirmək istəyirik. Doğurdan da Mingəçevirin çox gözəl turizm potensialı var. Ən maraqlısı da mənim bu gün Mingəçevirə gəlişim şəhərin yaranma günü ilə üstə-üstə düşdü. İsrail dövlətinin yaradılması da 1948 ci ildə rəsmən elan edilib. Biz də mingəçevirlilər kimi 66 illiyimizi qeyd edirik. Mən burada çox mehribanlıqla qarşılandım. Şəhər günü ilə bağlı tədbirdə iştirak etdim. Mingəçevir mənə çox gözəl təəssürat bağışladı. Şəhərin yaşıllığı, parkları, təmiz havası, insanların qonaqpərvərliyi, şəhərdəki səliqə-səhman, müasir binalar mənim ürəyimcə oldu”, deyə səfir bildirib.
Apa.az