İsraildə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
Fevralın 23-də Təl-Əvivdəki “Şimon Peres Dünya Mərkəzi”ndə Xocalı faciəsinin 22-ci ildönümünə və 2009-cu ildə başlanmış “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasının 5 illiyinə həsr olunmuş mərasim keçirilib.
Trend Heydər Əliyev Fondunun saytına istinadən xəbər verir ki, kampaniya çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq
Assosiasiyası (“Azİz”) Heydər Əliyev Fondunun dəstəyi ilə İsrailin 10
şəhərində Xocalı faciəsini özündə əks etdirən fotosərgi keçirib.
Fotosərginin açılış mərasimi bir il əvvəl Təl-Əviv Universitetinin
Diaspor Muzeyində olub. Sonradan həmin fotolar Afula, Tirat-Karmel, Or-Akiva, Kiryat-Ekron, Netanya, Təl-Əviv, Rehovat, Aşkelon, Akko və Loda şəhərlərində nümayiş etdirilib.
Bütün sərgilərdə onun keçirildiyi şəhərin rəhbərliyi, ictimai
təşkilatların başçıları, mətbuat nümayəndələri iştirak edib, sərgi yerli
və xarici KİV-lərdə geniş işıqlandırılıb.
Dağ Yəhudiləri Regional İctimai Xeyriyyə Fondunun dəstəyi ilə disk
şəklində videofilm və sərgidən bəhs edən kitabça da buraxılıb.
Trend.az