Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ölkəmizin Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və AMEA-nın Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfrans “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 oktyabr tarixli Sərəncamına əsasən təşkil olunub. Tədbirdə Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanın Baş müftisi Mustafa Hacı, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri, şair və yazıçılar iştirak ediblər.
Konfransda Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri İrina Sarıvanova, Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış ediblər. Sofiya şəhər meri Yordanka Fandıkova, Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, Q.S.Rakovski adına Hərbi Akademiyanın rektoru Qrudi Anqelov, “Slavyanlar” fondunun sədri Zaxari Zaxariev və Elm, Təhsil və Mədəniyyət üzrə İctimai Akademiyanın sədri akademik Asen Boqdanovun tədbir iştirakçılarına ünvanlanmış məktubları oxunulub.
Konfransda Azərbaycan ədəbiyyatının zəngin əsaslarından söz açan səfir Nərgiz Qurbanova “Kitabi-Dədə Qorqud” dastanının folklor xəzinəmizin dəyərli incisi kimi dünya epos nümunələri arasında özünəməxsus yer tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan ədəbi irsi dünya ədəbiyyatını qiymətli abidələrlə zənginləşdirib. Belə ki, Nizami Gəncəvinin əsərləri İslam intibahının zirvəsidir.
XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatının romantizm cərəyanının meydana gəlməsi ilə xarakterizə olunduğunu qeyd edən N.Qurbanova həmin dövrün ictimai-siyasi hadisələrinin, o cümlədən 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ədəbiyyata müstəsna təsirini vurğulayıb. O, yeni cərəyanın – romantik poetik dramaturgiyanın banisi kimi Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib, onun şair və filosof, lirik dramaturq, istedadlı alim və ədib kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda şöhrətindən söz açıb. Diplomat ədibin dramaturgiyasının öz dövrünün universal sosial-siyasi və mədəni hadisələrini əhatə etdiyini və bir çox dillərə tərcümə edilərək geniş oxucu kütləsi qazandığını vurğulayıb.
BEA-nın vitse-prezidenti Vasil Nikolov konfransın Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və elm sahəsində əlaqələrin genişlənməsinə şərait yaratdığını söyləyib. Hər iki ölkənin elmlər akademiyalarının bu istiqamətdə fəal iş apardığını qeyd etdi. Cari ilin aprel ayında BEA ilə AMEA arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında saziş, eləcə də həmin sazişə Əlavə Protokolun imzalandığını xatırladan V.Nikolov həmin sənədlərin iki akademiya arasında müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi, elmi konfrans, seminar və simpoziumların təşkilini nəzərdə tutduğunu diqqətə çatdırıb. Vitse-prezident BEA-nın alimlərinin ənənəvi olaraq Bakı Beynəlxalq Humanitar Forumunda mühazirə ilə çıxış etdiklərini də nəzərə çatdırıb. Daha sonra o, H.Cavidin Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən söz açıb. “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə H.Cavid adının Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini vurğulayıb.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu diqqətə çatdırıb. Belə bir tədbirin Bolqarıstanda keçirilməsinin təsadüfi olmadığını bildirən akademik bunun ölkələrimiz arasında mədəni və elmi sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən xəbər verdiyini vurğulayıb. Hər iki akademiya arasında imzalanan elm və texnologiya üzrə əməkdaşlıq haqqında sazişi yüksək qiymətləndirən İ.Həbibbəyli elmi sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.
Akademik İ.Həbibbəyli dramaturqun “Maral” və “Şeyda” dramlarının bolqar dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğulayaraq, bu hadisənin Bolqarıstanda Cavid irsinin öyrənilməsinə kömək edəcəyini söyləyib.
BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova konfransın təşkilinin H.Cavid yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirib. Qeyd edib ki, bu cür tədbirlər yeni görüşlərə və ədəbi-tarixi biliklər əldə olumasına, habelə ölkələrimiz arasında səmərəli elmi dialoq və ideya mübadiləsinə şərait yaradır. Repressiya qurbanı olmuş H.Cavidin acınacaqlı taleyi barədə tədbir iştirakçılarına məlumat verən E.Traykova XX əsr Bolqarıstanın mədəni-siyasi tarixində belə tale yaşayan yazıçı və ziyalıların olduğunu da diqqətə çatdırıb.
Çıxışlarda H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunulub, əsərləri qısa təhlil edilib, dramaturqun Azərbaycan ədəbiyyatına töhfəsi vurğulanıb.
Konfrans çərçivəsində, həmçinin dramaturqun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib və tələbələrin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən hissələr səsləndirilib.
İqbal Hacıyev
AZƏRTAC