ƏƏSMN: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, müəyyən yaşayış yeri olmayan şəxslərə sosial xidmət göstəriləcək
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə ) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qərarda xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan vətəndaşlar, sağlamlıq imkanları məhdud uşaqlar, habelə baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial məsləhət yardımı və həmin xidmətlərin həcmi müəyyənləşdirilib. Bu xidmətlər, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, müəyyən yaşayış yeri olmayan şəxslər, ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan insanlar, sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan vətəndaşlar üçün nəzərdə tutulub.
Sənədə əsasən, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə yemək (o cümlədən diyetik yeməklər) hazırlanmasına köməklik ediləcək. Özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, onlar üçün zəruri ərzaq, sənaye və məişət mallarının alınması, mənzillərinin yığışdırılması və təmizlənməsi, yataq və geyim əşyalarının yuyulması, ütülənməsi, mənzil pulunun və digər kommunal xərclərin ödənilməsi təşkil olunacaq. Onlar sosial-psixoloji, tibbi-sosial xidmətlərlə təmin edilməklə yanaşı, zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək.
Sağlamlıq imkanları məhdud uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, onlara sosial-pedaqoji və sosial-psixoloji xidmətlərin göstərilməsi təşkil ediləcək. Həmin uşaqların və ailələrinin sosial inkluziyasına köməklik ediləcək, uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlər veriləcək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadə öyrədiləcək. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlara sosial-psixoloji və sosial-hüquqi xidmətlər göstəriləcək.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilməklə yanaşı, onlara sosial xidmət müddətində diyetik yeməklər də daxil olmaqla, isti yeməklər veriləcək. Onların yaşayış sahəsi təmizlənəcək, onlar yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin ediləcəklər. İnsan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər üçün sosial-psixoloji xidmətlərin göstərilməsi, o cümlədən onların peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək, məsləhət yardımı və s. nəzərdə tutulub. Onlar üçün sosial-hüquqi xidmətlər (maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi, sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi) də təşkil olunacaq.
Müəyyən yaşayış yeri olmayan şəxslər də sosial xidmət müddəti ərzində diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcəklər. Yataq və geyim əşyalarının yuyulması, ütülənməsi təşkil olunmaqla, onlar tibbi müayinədən də keçiriləcəklər. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün isə psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstək veriləcək, xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələr aparılacaq. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün də fərdi iş planına əsasən sosial-psixoloji və tibbi-sosial xidmətlər təşkil ediləcək.
Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə onlara sosial məsləhət yardımı xidməti göstəriləcək.
Trend.az