ƏƏSMN-nin “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı 2,2 dəfə artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı cari ilin avqust ayında yanvar ayı ilə müqayisədə 2,2 dəfə artaraq 21966 nəfər təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı elektron xidmətlər sırasında olan “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət etmədən iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edilməsinə imkan verir. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Müvafiq hallarda arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər. Bununla yanaşı, arayışın təqdim edildiyi qurumlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların, həmçinin əmək haqqı barədə məlumatın düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.
“İş yerinə dair arayış” e-xidməti ötən ilin dekabrında əhalinin istifadəsinə verilib və cari il sentyabrın 1-dək artıq 128 908 nəfər bu e-xidmətdən yararlanıb.
Apa.az