ƏƏSMN-də 10 ayda 20 minə yaxın şəxs fərdi qaydada qəbul edilib
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən 19 367 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifənin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan məqsədyönlü işlərlərdə əsas prinsip vətəndaşların aidiyyəti məsələlərlə əlaqədar nazirliyə müraciətlərinin operativ cavablandırılmasıdır.
Cari ilin ötən dövründə nazirliyin 142-“Çağrı mərkəzi”nə müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması, nazirlik rəhbərliyinin müraciətlərin cavablandırlması xidmətinə birbaşa nəzarət edə bilməsi üçün çevik müraciət sistemi yaradılıb. Bununla yanaşı, nazirliyin qəbul otağında müraciətlərin qəbulu və onlara baxılmasında bir çox hallarda həm vətəndaşlar, həm də nazirliyin əməkdaşları üçün çətinliklər yaradan ənənəvi qəbul prosesi elektron nailiyyətlər əsasında müasirləşdirilib.
Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən ümumilikdə 19 367 nəfər vətəndaş qəbul edilib. Onlardan 523 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə (126 nəfər) və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq ölkəmizin bölgələrində keçirdiyi vətəndaş qəbulları zamanı (397 nəfər) fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib.
Bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı ümumilikdə 50-dək rayon və şəhərin sakinlərinin müraciətlərinə baxılıb. Nazirliyin digər rəhbər şəxsləri (nazir müavinləri və aparat rəhbəri) tərəfindən bu dövrdə qəbul edilən vətəndaşların sayı isə 700 nəfər təşkil edib. Digər vətəndaşlar isə nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul olunub.
Hər bir müraciət obyektiv şəkildə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq müvafiq tədbirlər görülməsi, müraciətlərdə əksini tapan bir çox məsələlərin elə yerindəcə həllini tapması, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilməsi təmin olunub.
Trend.az