İsmayıllıda Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib

Posted by

İsmayıllıda Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib

İsmayıllıda Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib

İsmayıllıda Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib

Bu gün İsmayıllıda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzinin açılışı olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, yeni elmtutumlu iş yerlərinin yaradılması və yeni istehsal üsullarının meydana gəlməsi milli əmək bazarının inkişafına təkan verib.

 

Nazir bildirib ki, mərkəz ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək.

 

S. Müslümov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, tədbirin digər iştirakçıları mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

 

Daha sonra İsmayıllı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş Əmək Yarmarkası keçirilib. Burada S. Müslümov nəzərə çatdırıb ki, nazirliyin məşğulluq xidməti orqanları cari ilin yanvar-mart aylarında 6 191 nəfər vətəndaşı münasib işlərlə təmin edib, 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Hesabat dövründə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 879 nəfər müvəqqəti xarakterli işlərlə təmin edilib. Nazir yarmarkanın təşkilatı vəziyyəti ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yeri təqdim olunub. Eyni zamanda, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyatı aparılıb.

 

Apa.az