Səlim Müslümov: “Əhalinin sosial müdafiəsi mərkəzləri müasir tələblərə cavab verəcək”

Posted by

Səlim Müslümov: “Əhalinin sosial müdafiəsi mərkəzləri müasir tələblərə cavab verəcək”

Səlim Müslümov: “Əhalinin sosial müdafiəsi mərkəzləri müasir tələblərə cavab verəcək”

Səlim Müslümov: “Əhalinin sosial müdafiəsi mərkəzləri müasir tələblərə cavab verəcək”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxıda yerləşən 1 saylı ruhi-əsəb əlilləri üçün internat evində dövlət himayəsində yaşayan şəxslərin məişət şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə tanış olub.

 

S. Müslümov internat evindəki yeməkxanaya, kommunal təchizat sisteminin vəziyyətinə baxıb, burada yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənib. Bildirilib ki, 100 yerlik bu internat evində 105 nəfər dövlət himayəsinə ehtiyac duyan yaşayır və hazırda onlardan 12 nəfəri müvafiq müalicə müəssisəsində müalicə olunur.

 

Nazir internat evində uzun müddətdir əsaslı təmir işləri aparılmadığından binanın bir sıra yerlərində, xüsusən yeməkxana korpusunda təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. “Nazirliyin tabeliyində ümumilikdə 8 sosial xidmət müəssisəsinin bir çoxunda hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu internat evində də müasir tələblərə cavab verə biləcək bir şəraitin yaradılması üçün zəruri işlər görüləcək”, – deyə nazir əlavə edib.

 

S. Müslümov yaxın günlərdə internat evinin yeməkxana korpusunda təmir işlərinə başlanması, binanın həyətində abadlıq işlərinin aparılması, kommunal sistemin yeniləşdirilməsi, müəssisənin müasir məişət avadanlıqları ilə təchiz olunması və s. barədə tapşırıqlar verib.

 

Daha sonra S. Müslümov Şamaxı rayon Əhalinin sosial müdafiəsi mərkəzində olub. Mərkəzin inzibati binasında aparılan təmir işləri ilə tanış olan nazir burada iş şəraitinin daha da yaxşılaşdırılması üçün digər cari işlərin görülməsini tapşırıb. Bütün rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində müasir tələblərə uyğun iş şəraitinin mövcud olması üçün müvafiq işlərin aparılacağını deyən nazir mərkəzdə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti ilə də tanış olub. Mərkəzə müraciət edən vətəndaşların onlara göstərilən xidmətlə bağlı fikir və rəylərini öyrənən S. Müslümov hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması, lazımi hallarda vətəndaşlara sadə şəkildə müvafiq izahat işlərinin aparılması barədə mərkəzin məsul şəxslərinə tapşırıqlarını verib.

 

Apa.az