Səhvlərin qarşısını almaq üçün Azərbaycandakı coğrafi adlar “Eurogeographics” portalında yerləşdiriləcək
Azərbaycandakı coğrafi adların xarici ölkələrdə nəşr olunan xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının “Eurogeographics” portalında yerləşdirilməsi üçün müvafiq işlər görülür. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, Azərbaycanın coğrafi adlarının əsassız şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr edilib. Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş “Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda” xəritəsinə əsaslanır. Xəritə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr edilib. Bu xəritə keçmiş dövrdəki coğrafi adları olduğu kimi əks etdirməklə Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavabdır.
Q.Məmmədov əlavə edib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində atlasın tərtibi və nəşri üçün müvafiq işlər yerinə yetirilir. Azərbaycanın Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirir. Bu atlasın hazırlanması və nəşr işləri ilə bağlı xəritələrin tərtibi işləri yekunlaşdırılır.
Trend.az