Səfir: “Azərbaycan-Belarus əlaqələri strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlamaqdadır”

Posted by

Səfir: “Azərbaycan-Belarus əlaqələri strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlamaqdadır”

Azərbaycanla Belarus arasındakı əlaqələr strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlamaqdadır.

 

APA – nın məlumatına görə, bunu bu gün Azərbaycan-Belarus əməkdaşlığının 2013-cü il yekunlarına dair keçirilən mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

 

Onun sözlərinə görə, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Belarus arasındakı ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 268,6 milyon dollar təşkil edib.

 

Ötən ilin yubiley ili olduğunu deyən səfir bildirib ki, 2013-cü ildə ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edib. O həmçinin 2013-cü ilin ən vacib hadisələrindən danışıraq, Aleksandr Lukaşenkonun Bakıya, prezident İlham Əliyevin isə Minskə səfərini qeyd edib.

 

«Bu əməkdaşlığın əsas prioritetləri sırasında istehsal kooperasiyası, tikinti, təhsil və səhiyyə sahəsində birgə layihələr, habelə elm və texnologiyalar sahəsində əməkdaşlıqdır. 2013-cü ildə istehsal kooperasiyasının inkişafında önəmli mərhələ Belarus və Azərbaycan mütəxəssislərinin Minskdən gətirilən şassilər üzərində “Gəncə Avtomobil Zavodu” İB-də avtobus və avtomobillərin istehsalının təşkilidir. Hazırda həmin nəqliyyat vasitələri Azərbaycanda sınaqdan və sertifikasiyadan keçirilir. Həmçinin Belarus və Azərbaycan mütəxəssislərinin Azərbaycanda MAZ və MTZ texnikası üçün ehtiyat hissələrinin kooperasiya istehsalının təşkili istiqamətində iş davam edir», – deyə səfir vurğulayıb.

 

Diplomat həmçinin qeyd edib ki, ötən il Belarusun “Qrodnopromstroy” ASC İsmayıllı rayonunda məcburi köçkünlər üçün yaşayış qəsəbəsinin salınması ilə bağlı işləri yekunlaşdırıb. Burada 45 ev, məktəb və tibb məntəqəsi inşa edilib.

 

Jurnalistlərlə görüş zamanı N. Patskeviç iki ölkənin təhsil sahəsindəki əməkdaşlıq haqqında da məlumat verib. Onun sözlərinə görə, 2008-2009-cu illərdə Belarusun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 15 nəfər idisə, 2012-2013-cü tədris ilində müvafiq rəqəm 143-ə çatıb. 160 nəfərdən çox tələbə FHN xətti ilə təhsil alır.

 

Diplomat qeyd edib ki, 2014-cü ildə ikitərəfli ələqələrin inkişafı davam edəcək. Onun sözlərinə görə, Belarus dostluq və qardaşlıq əsaslanan uzunmüddətli əməkdaşlığı hədəf alıb.