ISESCO-nun baş direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

Posted by

ISESCO-nun baş direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olubISESCO-nun baş direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

ISESCO-nun baş direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

 

Komitədən AZƏRTAC-a bildirilib ki, Mübariz Qurbanlı bu il mayın 15-də ISESCO-nun Rabat şəhərində yerləşən baş qərargahında Dövlət Komitəsi tərəfindən keçirilən beynəlxalq konfransın və sərginin təşkilinə verdiyi dəstəyə görə Əbdüləziz bin Osman əl-Tuveycriyə minnətdarlığını ifadə edib. Qeyd edib ki, istər beynəlxalq təşkilat olaraq ISESCO-nun, istərsə də şəxsən Əbdüləziz bin Osman əl-Tuveycrinin Azərbaycanla, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.

 

Dövlət Komitəsinin fəaliyyəti haqda danışan Mübariz Qurbanlı dini maarifləndirmə sahəsində görülən işləri vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev təhsil və maarifləndirmə işinə xüsusi diqqət yetirir və Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında söylədiyi nitqdə bu məsələni xüsusi qeyd edib. Məhz bu amil hər bir ölkədə ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizə aparmağın ən effektli yoludur. Komitə sədri bildirib ki, dövlətin din siyasətini həyata keçirən qurum kimi məhz bu prinsipi rəhbər tutaraq fəaliyyətində maarifçilik işinə xüsusi önəm verir.

 

Əbdüləziz bin Osman əl–Tuveycri ölkəmizi çox sevdiyini, Azərbaycanın yaxın dostu olduğunu məmnunluqla qeyd edib. O, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özünə borc bildiyini vurğulayıb. Baş direktor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi inkişaf yolunu təqdir etdiyini, Azərbaycanın bütün dünya ölkələrinə parlaq model olduğunu söyləyib və bunu dünyaya nümayiş etdirməyin zəruriliyini vurğulayıb. O, Dövlət Komitəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, üzv ölkələrlə birgə layihələr həyata keçirilməsinin vacibliyini qeyd edib.

 

Görüşdə ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə görə nümunə olduğu bildirilib, ISESCO ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, eyni zamanda, birgə fəaliyyətin nəticəsi kimi İslamın dostluq, həmrəylik və birgəyaşayış dini olduğunun dünyaya çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.

 

AzərTac.az