Seçki bülletenlərinin DSK-lara təhvil verilməsi prosesinə başlanıb
Seçki bülletenlərinin Dairə Seçki komissiyalarına (DSK) təhvil verilməsi prosesinə başlanıb.
APA-nın məlumatına görə, bülletenlərin çapı prosesinə sentyabrın 30-dan start verilib. Bülletenlərin çapı və paylanması prosesi paralel olaraq həyata keçirilir.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, seçki komissiyalarının, müşahidəçilər və qeydə alınmış namizədlərin maraqlarını müdafiə edən şəxslərin, həmçinin KİV nümayəndələrinin prosesi izləməsi üçün imkan yaradılıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qalib Orucov jurnalistlərə açıqlamasında bildirib ki, bu günədək DSK-ların bir çoxuna seçki bülletenləri təhvil verilib: “Proses MSK-nın ölkə qanunvericiliyin tələblərinə uyğun təyin etdiyi qaydada aparılır. Bülletenlər xüsusi mühafizə altında seçki komissiyalarına paylanılır. Mühafizə tədbirləri olduqca yüksək səviyyədə təşkil edilib”.
Q. Orucov deyib ki, bülletenlərin DSK-lara çatdırılması səsverməyə 5 gün qalmışa qədər müvafiq qaydada tam yekunlaşacaq. Proses oktyabrın 4-də bitəcək.
Qeyd edək ki, 5 milyon 149 min 255 ədəd bülleten çap olunacaq. Milli Məclisin mətbəəsində çap olunan bülletenlərin çap və paylanması prosesinə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət edilir.