Azərbaycan Respublikası
Prokurorluğu, Ali Məhkəmə,
Daxili İşlər Nazirliyi ilə
razılaşdırılmışdır
|
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
10.01.2001-ci il tarixli
07 saylı əmri
|
Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası
QAYDALARI
I bölmə
Ümumi qaydalar
1. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Azərbaycan Respublikasının «Cinayət» və «Cinayət-prosessual» məcəllələrinə və hazırkı «Qaydalar»a uyğun olaraq icra edilir.
2. Tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülməlidir.
3. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərarı və məhkəmənin qərardadı əsasında keçirilir.
Prokurorluq orqanlarının, DİN-in, MTN-in və məhkəmənin yazılı göstərişləri (göndərişləri) əsasında məhkəmə-tibbi müayinə keçirilə bilər.
4. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə «Ekspert rəyi», məhkəmə-tibbi müayinəsi keçirildikdə isə «Məhkəmə-tibbi müayinə aktı» tərtib olunur.
5. Azərbaycan Respublikası CM-də sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir:
1) sağlamlığa ağır zərər vurma;
2) sağlamlığa az ağır zərər vurma;
3) sağlamlığa yüngül zərər vurma.
Bundan başqa, CM-də xüsusi üsullarla yetirilməklə xarakterizə olunan xəsarətlər – döymə və işgəncə vermə öz əksini tapmışdır. Döymə və işgəncə vermənin təyin edilməsi məhkəmə-tibb ekspertinin səlahiyyəti xaricindədir, bu məsələnin həlli təhqiqat orqanının, ibtidai istintaqın, prokurorluğun və məhkəmənin səlahiyyətinə aiddir.
Hazırkı «Qaydalar»da Azərbaycan Respublikası CM-də nəzərdə tutulan sağlamlığa zərər vurma dərəcələrinin qiymətləndirilməsinin tibbi meyarı (kriteriyası) əks etdirilmişdir. Bu əlamətlər rəhbər tutularaq sağlamlığa zərər vurmanın dərəcəsi müəyyən edilir və bu zaman qiymətləndirici əlamətlərdən birinin olması kifayətdir.
II bölmə
Sağlamlığa zərər vurmanın dərəcəsinin təyini
I fəsil
Ağır zərər vurma
6. Sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir:
– insan həyatı üçün təhlükəlilik;
– görmə, eşitmə və nitq qabiliyyətinin və ya hər hansı bir orqanın (üzvün), yaxud bu orqanın funksiyasının itirilməsi;
– psixi pozuntuya (ruhi xəstəliklərə) və ya sağlamlığın başqa cür pozulmasına səbəb olma;
– ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə daimi (dayanıqlı) itirilməsi halında olan sağlamlığın pozulması;
– peşəkar (professional) əmək qabiliyyətinin tam itirilməsi;
– hamiləliyin pozulması;
– narkomanlıq və ya toksikomanlıqla xəstələnmə;
– sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi.
Həyat üçün təhlükəli olan sağlamlığa zərər vurma
7.. Həyat üçün təhlükəli olan sağlamlığa zərər vurma həm bədən xəsarəti, həm də xəstəlik və ya patoloji vəziyyət halında ola bilər.
Həyat üçün təhlükəli olan xəsarətlərə aiddir:
a) kəllə boşluğuna keçən, o cümlədən beyin toxumasını zədələməyən yaralar;
b) kəllə əsası və kəllə tağı sümüklərinin sınıqları.
Qeyd: üz skelet sümüklərinin sınıqları və kəllə tağının yalnız xarici sümük təbəqəsinin ayrıca çatı istisna olunur.
v) baş beyinə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi (sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri; beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli beyin əzilmələri;
q) həyat üçün təhlükəli olan kəllədaxili epidural, subdural və ya subaraxnoidal qansızmalar;
d) onurğa beyninin zədələnib-zədələnməməsindən asılı olmayaraq onurğa kanalına keçən yaralar;
e) onurğa beyni funksiyasının pozulmasından asılı olmayaraq boyun fəqərələrinin sınıq-çıxığı, cisimlərinin və hər iki qövsünün sınıqları və yaxud birinci-ikinci boyun fəqərələrinin qövsünün birtərəfli sınıqları;
j) boyun fəqərələrinin çıxıqları;
z) onurğa beyninin boyun şöbəsinin qapalı zədələri;
i) onurğa beyni funksiyasının pozulması ilə və yaxud kliniki təsdiq olunmuş ağır dərəcəli şokla nəticələnən bir və ya bir neçə döş, ya da bel fəqərələrinin sınıqları, yaxud sınıq-çıxıqları;
k) ağır onurğa şoku və ya çanaq üzvlərinin funksiyasının kəskin pozulması ilə müşayiət olunan onurğa beyninin döş, bel və oma seqmentlərinin qapalı zədələri;
l) udlağın, qırtlağın, traxeyanın və yemək borusunun daxilə keçən yaraları;
m) ağır dərəcəli şokla, tənəffüsün pozulması ilə və ya başqa həyat üçün təhlükəli təzahürlərlə müşayiət edilən, selikli qişanın cırılması ilə birgə olan qırtlaq və traxeya qığırdaqlarının qapalı sınıqları;
n) döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalığına keçən, o cümlədən daxili üzvlərin zədələnməsi ilə müşayiət olunmayan yaraları.
Qeyd: əgər hemopnevmotoroks əlamətləri yoxdursa, emfizema məhdud xarakterlidirsə və yara kanalının plevra boşluğuna keçmədiyi şübhəsizdirsə, belə hallarda döş qəfəsi yaralanmalarında aşkar olunmuş dərialtı emfizema daxilə keçən xəsarət əlaməti kimi nəzərə alına bilməz.
o) qarının periton boşluğuna keçən, o cümlədən daxili üzvlərin zədələnməsilə müşayiət olunmayan yaraları; periton arxası sahə üzvlərinin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaralanmaları; sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaralanmaları;
p) döş qəfəsinin, qarının, çanaq boşluğu üzvlərinin, eləcə də periton arxası üzvlərin həyat üçün təhlükəli əlamətlərlə müşayiət olunan qapalı zədələnmələri;
r) uzun borulu sümüklərin — bazu, bud və qamış sümüklərinin açıq sınıqları.
Qeyd: mil, dirsək və incik sümüklərinin açıq sınıqlarının, bazu, bud və qamış sümüklərinin qapalı sınıqlarının, həmçinin iri oynaqların (bazu, dirsək, mil–bilək, bud–çanaq, diz və ya aşıq–baldır) açıq və qapalı zədələrinin ağırlıq dərəcəsi onların həyat üçün təhlükə törətməsi, ya da əmək qabiliyyətinin dayanıqlı itirilməsi əlamətlərinə əsasən təyin edilir.
s) ağır dərəcəli şok və ya çoxlu qanitirmə ilə, yaxud sidik kanalının zarlı hissəsinin cırılması ilə müşayiət edilən çanaq sümüklərinin sınıqları;
t) ağır dərəcəli şoka və ya kollaps törətmiş çoxlu qanitirməyə, klinik nəzərə çarpan piy və ya qaz emboliyalarına, kəskin böyrək çatışmazlığı əlamətləri ilə müşayiət olunan travmatik toksikoza səbəb olan zədələr;
u) iri qan damarlarının zədələnmələri: aortanın, yuxu (ümumi, xarici və daxili), körpücükaltı, qoltuqaltı, bazu, qılça, bud, dizaltı arteriyaların və onları müşayiət edən venaların zədələnmələri.
Qeyd: digər periferik damarların (başın, üzün, boynun, saidin, əlin, baldırın, ayaq pəncəsinin) zədələnmələri hər bir hadisədə həyat üçün konkret təhlükə törətməsindən asılı olaraq qiymətləndirilir. Məsələn, çoxlu qanitirmə, obyektiv təsdiq olunmuş ağır dərəcəli şok.
f) bədən səthinin 15 faizdən çox sahəsini əhatə edən III-IV dərəcəli termiki yanığı; bədən səthinin 20 faizdən çox sahəsini əhatə edən III dərəcəli yanığı; bədən səthinin 30 faizdən çox sahəsini əhatə edən II dərəcəli yanığı; eləcə də az sahəsini əhatə edən, lakin ağır dərəcəli şok törədən yanıqlar; səs yarığının ödemi və daralması əlamətləri ilə müşayiət olunan tənəffüs yollarının termiki yanıqları;
x) yerli təsirdən başqa həyat üçün təhlükəli olan ümumi toksiki təsir göstərən kimyəvi birləşmələrin — qatı turşuların, aşındırıcı qələvilərin, müxtəlif yandırıcı maddələrin törətdikləri yanıqlar;
ç) həyat üçün təhlükəli əlamətlər kompleksi (beyin qan dövranının pozulması, huşun itməsi, amneziya və s.) ilə aydın nəzərə çarpan və obyektiv əlamətlərlə təsdiq olunan boyun üzvlərinin sıxılması və mexaniki asfiksiyanın digər növləri.
Həyat üçün təhlükəli olan
xəstəlik və ya patoloji vəziyyətlər
Həyat üçün təhlükəli olan xəstəlik və ya patoloji vəziyyətlər müxtəlif xarici mühit amillərinin təsiri nəticəsində baş verir və qanunauyğun olaraq ya həyat üçün təhlükə törədən halla ağırlaşırlar, ya da özləri bilavasitə insan həyatı üçün təhlükə törədirlər.
Həyat üçün təhlükəli olan vəziyyətlərə aşağıdakılar aiddir:
a) müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr) şok;
b) müxtəlif etiologiyalı koma;
v) massiv (çoxlu) qanitirmə;
q) kəskin ürək və ya damar çatışmazlığı;
d) kəskin böyrək və ya qara ciyər çatışmazlığı;
ğ) ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı;
e) irinli-septik vəziyyət;
j) daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən nahiyəvi və üzv qan dövranı pozğunluqları;
z) həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi.
Həyat üçün təhlükəli olmayan, lakin
nəticəsinə görə ağır zərər vurma
Görmənin, eşitmənin, nitq qabiliyyətinin və ya hər hansı bir üzvün və yaxud həmin üzvün funksiyasının itirilməsi.
8. Görmənin itirilməsi dedikdə, hər iki gözdə tam dayanıqlı (daimi) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti nəzərdə tutulur (görmə itiliyi 0,04 və daha az).
Bir gözdə görmənin tam itməsi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olur və bu əlamətə görə də ağır zərər vurmaya aid edilir.
Qeyd: kor gözün çıxarılmasına səbəb olan zədələnməsi sağlamlığın pozulma müddətinə görə qiymətləndirilməlidir.
Görmə qabiliyyəti, əvvəldən zəifləmiş (1,0-dan aşağı) gözlərdə görmənin itirilməsi barədə olan faiz cədvəlinə görə təyin edilir.
9. Eşitmənin itməsi dedikdə, tam karlıq və yaxud zərərçəkənin danışıq nitqini qulaq seyvanından 3-5 sm məsafədə eşitməməsi kimi geri dönməz vəziyyət başa düşülür.
Qeyd: bir qulaqda eşitmənin itməsi ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin itirilməsinə səbəb olur və bu əlamətə görə də az ağır zərər vurmaya aid edilir.
10. Hər hansı bir üzvün və yaxud onun funksiyasının itirilməsi dedikdə aşağıdakılar başa düşülür:
a) dili (nitqi) itirmək, yəni öz fikrini ətrafdakılara başa düşülən, aydın səslərlə çatdırmağı bacarmamaq;
b) qol və ya qıçın itirilməsi, yəni onların gövdədən ayrılması və ya funksiyalarının itirilməsi (iflic və yaxud onların fəaliyyətlərini tam pozan digər vəziyyət).
Qeyd: qıçın və qolun anatomik itirilməsi dedikdə, qıçın və ya qolun tamamilə gövdədən ayrılması və ya dirsək və diz oynaqları səviyyəsindən aşağı olmamaqla amputasiyaları kimi başa düşülməlidir. Bütün başqa hallar isə ətrafın hissəvi itirilməsi kimi başa düşülməli və ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi əlamətinə görə qiymətləndirilməlidir.
v) nəsil törətmə qabiliyyətinin itirilməsi cinsi əlaqədə olma, mayalandırma, döllənmə və uşaqdoğma qabiliyyətinin itməsi deməkdir.
Psixi pozuntu (ruhi xəstəlik)
11. Ruhi xəstəliyin diaqnostikası və onun alınmış xəsarət ilə əlaqəsi psixiatrik ekspertiza tərəfindən müəyyən edilir.
Ruhi xəstəliklərlə nəticələnmiş bədən xəsarətlərinin sağlamlığa zərər vurma dərəcəsi məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılır.
Əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla dayanıqlı
itirilməsi ilə əlaqədar olan sağlamlığa ağır zərər vurma
Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur.
Əmək qabiliyyətinin dayanıqlı itirilməsi, itirilmiş funksiyanın ömrün sonuna qədər bərpa oluna bilməməsi, yaxud uzun müddət keçdikdən sonra qismən bərpa olunması deməkdir.
Əmək qabiliyyətinin dayanıqlı faktını ancaq xəsarət, patoloji vəziyyət və xəstəliyin aydın olmuş nəticəsindən sonra təyin etmək mümkündür. Məhkəmə-tibbi nöqteyi-nəzərindən ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi səhhətin 120 gündən artıq müddətdə pozulması deməkdir. Belə hadisələrdə xarici mühit amilləri təsirindən törənmiş xəsarət və xəstəliklər nəticəsində zərərçəkmiş 120 gündən artıq müddətdə əmək qabiliyyətini itirmiş olur və bundan sonra da sağalmağa doğru hər hansı bir irəliləyiş hiss edilmir.
12. Zədələnmələrdə ümumi əmək qabiliyyətinin dayanıqlı itirilmə həcmi xəsarətlərin nəticəsi aydın olduqdan sonra əmək qabiliyyətinin itirilməsinin faiz cədvəli ilə obyektiv əlamətlərə əsasən təyin edilir.
Qeyd: a) uşaqlarda əmək qabiliyyətinin itirilməsi hazırkı «Qaydalar»da müəyyən edilmiş ümumi müddəalara əsasən təyin edilir;
b) əlillərdə aldığı xəsarət ilə əlaqədar əmək qabiliyyətinin dayanıqlı itirilməsi, əlillikdən və onun qrupundan asılı olmayaraq sağlam şəxslərdə olduğu kimi təyin edilir.
Hamiləliyin pozulması
13. Müddətindən asılı olmayaraq hamiləliyin pozulması orqanizmin fərdi xüsusiyyətlərindən asılı deyilsə, xəsarətlə birbaşa səbəbli əlaqəsi vardırsa ağır zərər vurmaya aid edilir. Belə hadisələrdə məhkəmə-tibbi ekspertiza mama-ginekoloqla birgə aparılır.
Narkomanlıq və ya toksikomanlıqla xəstələnmə
Narkomanlıqla, toksikomanlıqla xəstələnmə ilə nəticələnmiş sağlamlığa zərər vurmanın dərəcəsinin qiymətləndirilməsi uyğun olaraq məhkəmə-narkoloji, məhkəmə-toksikoloji ekspertizaların aparılmasından sonra məhkəmə-tibb eksperti tərəfindən narkoloqun, toksikoloqun iştirakı ilə icra edilir.
Sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi
14. Məhkəmə-tibb eksperti xəsarəti sifətin eybəcərləşdirilməsi kimi qiymətləndirə bilməz. Belə ki, bu, tibbi məfhum deyildir. Ekspert adi əlamətlərə əsasən bədən xəsarətinin ancaq xarakterini və sağlamlığa zərər vurmanın dərəcəsini, eləcə də silinməz olub-olmamasını təyin edir.
Sifətdə xəsarət izlərinin silinməz olması dedikdə, sifətdə, eləcə də qulaq seyvanlarında elə patoloji dəyişikliklər (kobud çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozğunluqları, kəskin nəzərə çarpan asimmetriya və s.) başa düşülür ki, onlar vaxt keçdikcə bərpa olunmur, geri dönməzdirlər və onları aradan qaldırmaq üçün cərrahi müdaxilə (kosmetik əməliyyatlar) lazımdır. Vaxt keçdikcə öz gedişləri boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə sifətin silinən xəsarətləri kimi başa düşülməlidir.
II fəsil
Az ağır zərər vurma
15. Az ağır zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir:
– həyat üçün təhlükəliliyin olmaması;
– Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilmiş və hazırkı «Qaydalar»ın I fəslində qeyd edilmiş ağır zərər vurmanın əlamət və nəticələrinin olmaması;
– sağlamlığın uzun müddət pozulması;
– ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi.
Sağlamlığın uzun müddət pozulması
16. Sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir.
Ümumi əmək qabiliyyətinin üçdə bir
hissəsindən az olmaqla əhəmiyyətli
dərəcədə itirilməsi
Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur.
III fəsil
Yüngül zərər vurma
18. Yüngül zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir:
a) sağlamlığın qısa müddətə pozulması;
b) ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi.
19. Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir.
20.
Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur.
Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər:
1) XI-XII qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları;
2) burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı;
3) əl və ayaq bar¬maq¬la¬rı¬nın falanqa sümüklərinin sa¬də (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin I barmaqları, ayaqların I, II və III barmaqları istisna olmaqla);
4) stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;
5) baş beyin silkələnməsi.
Qeyd: a) həyat üçün təhlükəli olmayan baş beyin əzilmə və silkələnmələrinin zərər vurma dərəcəsinin təyinində bu zədələrə dair metodik tövsiyə rəhbər tutulmalıdır;
b) əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir.
IV fəsil
Döymə və işgəncə vermə
21. Döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Əgər zərbələr yetirildikdən sonra müayinə olunanda xəsarətlər (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıqlar, qançırlar, kiçik yaralar) aşkar olunursa, onda bu xəsarətlər xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə təsvir edilir. Bu zaman göstərilən xəsarətlər sağlamlığa zərər vurma kimi qiymətləndirilmir və onların dərəcəsi təyin edilmir. Əgər döymə nəticəsində obyektiv əlamətlər (iz) qalmırsa, onda məhkəmə-tibb eksperti rəydə müayinə olunanın şikayətlərinin, o cümlədən bədənin bu və ya başqa nahiyəsinin palpasiyasında (əlləmədə) ağrının olduğunu, xəsarətin obyektiv əlamətinin olmamasını qeyd edir və sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmir. Belə hallarda döymə faktının müəyyənləşdirilməsini təhqiqat, ilkin istintaq, prokurorluq və ya məhkəmə orqanları qeyri-tibbi sənədlər əsasında həyata keçirir.
İşgəncə elə bir hərəkətdir ki, bunların nəticəsində sağlamlığa zərər vurma baş verə bilər. Məhkəmə-tibb eksperti işgəncəni müəyyən etmir, çünki bu, onun səlahiyyətinə aid deyildir, lakin o, aşağıdakıları təyin etməlidir:
a) xəsarətlərin mövcud olmasını və xarakterini;
b) xəsarətlərin törənmə müddətləri arasındakı fərqi;
v) aləti və xəsarətin yetirilmə üsulunun əlamətlərini (tibbi məlumatlara görə).
İşgəncə dedikdə isə sistematik olaraq döymə və ya başqa yollarla (dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə – çimdikləmək, kəsib-doğramaq, küt, iti, batıcı və s. alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə və buna oxşar digər hərəkətlərlə) fiziki və ya psixi iztirablar yetirilməsi başa düşülür.
Ekspert belə hallarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində hazırkı «Qaydalar»dakı uyğun bölmələrə əsaslanır.
III bölmə
Metodik göstərişlər
22. Məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizası keçirdikdə zərərçəkmişin özünü müayinə edir. Bu ekspertizanın ancaq tibbi sənədlər (stasionar xəstənin tibbi kartası, ambulator xəstənin tibbi kartası və s.) əsasında keçirilməsinə müstəsna hallarda yol verilir. Bu zaman təqdim edilmiş tibbi sənədlərdə xəsarətlərin xarakteri, klinik gedişi və digər hallar barədə müfəssəl məlumatlar olmalıdır.
23. Məhkəmə-tibb eksperti müayinə olunanın şəxsiyyətini onun pasportu və ya pasportu əvəz edən digər sənəd əsasında müəyyənləşdirir; xəsarətin yetirilmə şəraitini, şikayətləri və lazım olan başqa məlumatları müayinə olunanın özündən soruşur; iş materialları və tibbi sənədlərlə tanış olur. Bütün əldə olunmuş məlumatlar «Ekspert rəyi»nə (akta) qeyd edilir.
Qeyd: bəzi hallarda müayinə olunanın şəxsiyyətini təhqiqat və istintaq işçiləri də təsdiq edə bilər. Azyaşlıların müayinəsində müayinə olunanın fotoşəkli (iki ədəd) ekspertizaya təqdim olunmalıdır.
24. Məhkəmə-tibb eksperti lazımi tibbi sənədlər təqdim olunmadığı hallarda ekspertizanı təyin etmiş şəxsdən, yaxud orqandan ekspertizanın keçirilməsi üçün zəruri tibbi sənədlərin təqdim olunmasını tələb edir.
25. Məhkəmə-tibbi ekspertiza aparıldıqda ekspert tibbi sənədlərin əslindən istifadə etməlidir. Müstəsna hallarda tibbi sənədlərin surətlərindən və onlardan çıxarışdan istifadə etməyə yol verilir, bir şərtlə ki, həmin sənədlərdə xəsarətlərin xarakteri, klinik gedişi tam, mükəmməl əks olunsun. Həmin sənədlər həkimin imzası və tibb müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.
26. Zərurət olduqda, məhkəmə-tibb eksperti zərərçəkəni müayinə etməklə yanaşı, onu məsləhətlərin keçirilməsi, kliniki, laborator və instrumental müayinələrin aparılması üçün müalicə müəssisələrinə göndərə bilər. Məsləhətlər və müayinələr zamanı alınmış məlumatlar «Ekspert rəyi»ndə əks etdirilir və məhkəmə-tibb eksperti həmin məlumatlardan rəyin nəticə hissəsinin tərtib olunmasında istifadə edə bilər.
Qeyd: Səhiyyə müəssisələrinin rəhbərləri və həkimləri, məhkəmə-tibbi ekspertizanı aparan ekspertə klinik, laborator müayinələrin aparılmasında və məsləhətlərin keçirilməsində köməklik etməyə borcludurlar.
27. Məhkəmə-tibb eksperti sağlamlığa zərər vurma ilə əlaqədar xəstəliyin xarakterini və müddətini və yaxud funksiyasının pozulmasını qiymətləndirərkən tibbi sənədlərdəki məlumatlara tənqidi yanaşmalı, ekspertizanın gedişində müəyyən edilmiş obyektiv tibbi məlumatlara əsaslanmalıdır. Tibbi sənədlərdə xəstəliyin davam etmə müddəti travmanın xarakterinə uyğun gəlmirsə və obyektiv məlumatlarla təsdiq edilmirsə, ekspert öz nəticəsində həmin halı qeyd edərək, əldə olunmuş obyektiv məlumatlara əsasən sağlamlığa zərər vurmanın dərəcəsini təyin edir.
28. Xəsarət yetirildikdən sonra əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri, tibbi yardım göstərilərkən yol verilmiş qüsurlar (defektlər) və s. nəticəsində əmələ gəlmiş hallar özlüyündə sağlamlığa zərər vurmanın dərəcəsini dəyişməyə əsas verməməlidir.
Belə hallarda məhkəmə-tibb eksperti öz rəyində baş vermiş ağırlaşma və yaxud ağırlaşmanın xarakterini göstərməklə onların mövcud xəsarət ilə hansı səbəbli əlaqədə olmasını qeyd etməyə borcludur.
29. Xəsarət yetirildikdən sonra göstərilən tibbi yardımın qüsurları nəticəsində xəstənin vəziyyətinin ağırlaşması müvafiq ixtisasdan olan mütəxəssislərin iştirakı ilə müəyyən edilir və sağlamlığa zərər vurmanın dərəcəsinin artırılmasına əsas vermir. Belə hadisələrdə məhkəmə-tibb ekspertləri baş vermiş ağırlaşmanın, yaxud fəsadın xarakterini göstərməli, həmçinin onların xəsarətlərlə, yaxud göstərilən tibbi yardımın qüsurları ilə hansı səbəbli əlaqədə olmasını ekspert rəyində qeyd etməlidirlər.
30. Cərrahi müdaxilələr, yaxud müasir mürəkkəb diaqnostika metodları icra olunarkən yol verilmiş qüsurlar nəticəsində fəsadların baş verməsi sağlamlığa zərər vurma kimi qiymətləndirilir. Belə hadisələrdə sağlamlığa zərər vurmanın dərəcəsi bu «Qaydalar»ın müddəalarına əsasən təyin edilir. Tibbi müdaxilələr zamanı yol verilmiş qüsurların təyini komission qaydada həyata keçirilir. Cərrahi müdaxilələr, yaxud müasir, mürəkkəb diaqnostika metodları qüsursuz icra olunarkən baş verən fəsadlar xəstənin ağır vəziyyəti, xəstənin reaksiyasının gözlənilməz xüsusiyyətləri və s. ilə əlaqədar olduğu hallarda sağlamlığa zərər vurma dərəcəsinin məhkəmə-tibbi ekspertizası aparılmır.
31. Bədənin sağlam cüt hissəsinin və ya cüt üzvünün zədələnmələrində eyni adlı cüt hissənin və ya eyni adlı digər cüt üzvün pozulmuş funksiyası nəzərə alınmadan, ancaq yetirilmiş travmanın nəticəsi qiymətləndirilməlidir.
32. Ölüm hallarında xəsarət aşkar edilərsə məhkəmə-tibb eksperti öz nəticəsində digər sualları həll etməklə yanaşı aşağıdakıları göstərməli və əsaslandırmalıdır:
a) ölümün səbəbini;
b) xəsarətlə ölüm arasında səbəbli əlaqənin olub-olmamasını.
Əgər ekspertiza təyin edilməsi barədə qərarda sağlamlığa zərər vurmaya dair sual qoyulmuşsa, məhkəmə-tibb eksperti meyitdə sağlamlığa ağır, az ağır və yüngül zərər vurmanın əlamətlərinin olub-olmamasını göstərir.
Məhkəmə-tibb eksperti ölümlə xəsarətin səbəbli əlaqəsini təyin etdikdə, xəsarətləri şərtsiz (mütləq) və şərti (nisbi) ölümcül kimi xarakterizə etməməlidir. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsində belə bölgü yoxdur.
33. Sağlamlığa zərər vurmaya dair ekspertiza keçirildikdə «Ekspert rəyi»ndə (aktda) aşağıdakılar mütləq əks olunmalıdır:
1) tibbi nöqteyi-nəzərdən xəsarətlərin xarakteri (sıyrıq, qançır, yara, sınıq və s.), onların yerləşdikləri nahiyələr (lokalizasiyaları) və morfoloji xüsusiyyətləri;
2) xəsarət yetirə biləcək alət və ya vasitənin növü;
3) xəsarətlərin əmələ gəlmə mexanizmi;
4) xəsarətlərin yetirilmə müddəti;
5) qiymətləndirici əlamətlər – həyat üçün təhlükəlilik, sağlamlığın pozulması, əmək qabiliyyətinin dayanıqlı itirilməsi və s. göstərilməklə sağlamlığa zərər vurmanın dərəcəsi.
Qeyd: a) əgər ekspert zərəkçəkənin müayinəsində xəsarətlərin müxtəlif törənmə mənşələrini aşkar edirsə, onların hər birinin nə ilə və hansı vasitə ilə törənməsini göstərməlidir;
b) əgər xəsarətlərin müxtəlif törənmə müddətləri aşkar edilirsə, onların dəfələrlə (təkrar) yetirilməsi qeyd edilməklə, törənmə müddətləri və sağlamlığa zərər vurmanın dərəcələri ayrı-ayrılıqda göstərilməlidir.
34. «Ekspert rəyi»nin (aktın) nəticə hissəsi ekspertiza keçirilərkən aşkar edilmiş məlumatların analizinin nəticəsidir. Bu, ətraflı və elmi əsaslandırılmalıdır.
Sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində təxmini fikir yürütməklə ilkin nəticəyə gəlmək yolverilməzdir.
35. Obyektiv məlumatlarla xəsarətin həyat üçün təhlükəli olması təyin edilirsə və yaxud həyat üçün təhlükəli olmayan xəsarətin gedişi şübhə doğurmursa, məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini onun aqibətini gözləmədən müəyyən etməlidir.
36. Aşağıdakı hallarda məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini təyin etməyə tələsməyib gözləməlidir:
1) klinik şəklin aydın olmaması və ya zərərçəkənin ekspertizanı kifayət edəcək dərəcədə klinik laborator müayinələrdən keçirilməməsi;
2) həyat üçün təhlükəli olmayan xəsarətlərin nəticəsi aydın olmadıqda;
3) müayinə olunanın əlavə müayinədən imtina etməsi və yaxud təkrar müayinəyə gəlməməsi, əgər bunlar xəsarətin xüsusiyyətini, klinik gedişini və nəticəsini düzgün qiymətləndirməyə imkan vermirsə;
4) sağlamlığa zərər vurmanın dərəcəsinin və xarakterinin aydınlaşdırılmasında lazım olan tibbi sənədlərin, o cümlədən əlavə müayinələrin nəticələrinin olmaması.
Belə hallarda məhkəmə-tibb eksperti rəyin nəticə hissəsində sağlamlığa zərər vurmanın dərəcəsini təyin edə bilməməsi səbəbini şərh edir, bu sualın həlli üçün hansı sənəd və məlumatların (tibbi sənədlər, əlavə müayinələrin nəticələri və s.) zəruri olmasını göstərməklə təkrar müayinənin vaxtını təyin edir.
Qeyd: sağlamlığa zərər vurmanın dərəcəsinin təyin edilməsinin mümkün olmamasını əsaslı izah etmək, eksperti digər sualları hazırkı «Qaydalar» əsasında həll etməkdən azad etmir.
37. «Ekspert rəyi» ekspertizanı təyin etmiş şəxsə və yaxud onun göstərişinə əsasən səlahiyyətli nümayəndəyə təqdim edilir. Prokurorluq orqanlarının, DİN, məhkəmənin yazılı tapşırıqlarına (təliqə, göndəriş) əsasən tərtib olunmuş «məhkəmə-tibbi müayinə aktları» tələb olunmadıqda, tərtib olunduqdan bir ay sonra aidiyyəti üzrə nəzarətedici orqanlara məlumat verilir.
Müayinə olunan şəxsə tibbi sənəd prokurorluq, DİN və məhkəmənin yazılı icazəsindən sonra təqdim edilə bilər.
«Ekspert rəyi»nin (aktın) çıxarışla və yaxud başqa sənədlə əvəz edilməsi qadağandır.
Hazırkı «Qaydalar»ın Azərbaycan Respublikasının ərazisində istifadə edilməsi məcburidir.
«Məhkəmə–tibbi ekspertiza və patoloji anatomiya» ETT
Birliyinin Baş direktoru
professor Ş.Musayev
|
Müalicə–Profilaktika
Baş İdarəsinin rəisi
Ş.Baxşəliyeva
|